Müxalif Milli Şuranın qurucularından olan AXCP sədri Əli Kərimli 9 oktyabr prezident seçkisinin ilkin nəticələrinə münasibət bildirib.
“Azadlıq” qəzetinin məlumatına görə, Əli Kərimli “Facebook” səhifəsində seçkinin kütləvi saxtalaşdırıldığını yazıb: “Yenə də xalqı təhqir etdilər. Açıq dedilər ki, xalqın səsi ilə hesablaşmaq fikirləri yoxdur. Bu dəfə saxtakarlığa səhər tezdən başladılar. Deməli, xalqın İlham Əliyevə səs verməyəcəyini özləri də bilirmişlər.
İndi hökumətin istədiyi budur ki, biz ruhdan düşək, gələcəyə ümidimizi itirək, daxilimizdə günahkar axtarmağa başlayaq, xalqımızdan küsək, “biz düzələn deyilik” qənaətinə gələk. Xeyr, hamımız bilməliyik ki, seçkinin saxtalaşdırılmasının günahkarı İlham Əliyev və onun başçılıq etdiyi rejimdir. Minlərlə insanı şahidi olduğunuz rəzilliyə də onlar sürüklədi. Həm təşviqat kampaniyası dövründə, həm də seçki günündə Cəmil müəllimə dəstək olmuş vətəndaşlarımıza təşəkkürlər!
Səslərimiz uğrunda dinc mübarizəyə başlayacağıq. Bugünkü kütləvi seçki saxtakarlığından sonra hələ də tərəddüdü olan vicdanlı və vətənpərvər insanlar ölkənin xilası uğrunda mübarizəyə qoşulmalıdır”.
9 oktyabr seçkisində dövlət başçısı olmaq üçün 10 namizəd yarışıb. MSK-nın elan etdiyi ilkin nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 80 faizdən çox səslə yenidən prezident seçilib, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli isə 6 faizə qədər səslə ikinci olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?