ADP mətbuat xidməti prezidentliyə namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlunun partiya sədrliyindən istefa verməsi ilə bağlı açıqlama ilə çıxış edib.
“Media forum” saytının məlumatına görə, açıqlamada deyilir:
- Sərdar Cəlaloğlu Azərbaycanın siyasi arenasında iyirmi ildən artıq bir zaman kəsimində aktiv fəaliyyət göstərən, elmi, fəlsəfi yaradıcılığını siyasi fəaliyyəti ilə uzlaşdırmağı bacaran, ölkə və dünyada gedən siyasi proseslərə fərqli, yenilikçi baxışları ilə seçilən tək-tək siyasi fiqurlardan biridir.
Hadisələrin arxasında gizlənən prosesləri diqqətlə izləmək bacarığı, siyasi ehtirasların qızışması fonunda millətimizi təhlükə altına ala biləcək xarici təhdidləri öncədən görmə qabiliyyəti ona partiya və qrup maraqlarından daha geniş düşünməyə imkan verib və o, bütün potensialını milli maraqların qorunması istiqamətində sərf etməyə yönəldib.
Son teledebatlardakı çıxışları onun şəxsi intriqalardan, rəqiblərinə qara yaxmalardan uzaq olduğunu göstərməklə apardığı mübarizənin əsas qayəsinin məhz milli dirçəliş və demokratik dəyərlər uğrunda olduğunu bir daha isbatladı. O, ilk dəfə özünə qarşı həm iqtidar, həm də bir sıra müxalif qüvvələr tərəfindən geniş cəbhə açılmasına baxmayaraq konstruktiv müxalifətçilik konsepsiyasını elmi əsaslarla ortaya qoyub, Azərbaycanın nicatının siyasi qüvvələr arasında qarşıdurmalardan, radikal toqquşmalardan deyil, məhz konsensusdan, uzlaşmadan, vətəndaş həmrəyliyindən, sivil siyasi rəqabətdən keçdiyini cəmiyyətə təqdim edib.
Əfsus ki, Sərdar bəyin Azərbaycan cəmiyyətinə təqdim etdiyi bu yenilikçi ideyalar mühafizəkar qüvvələr tərəfindən dirənişlə qarşılanıb və onun millətin bütövlüyünün qorunmasına hesablanan çağırışlarına adekvat reaksiya verilməyib. Onun istefa ərizəsində şəxsi məğlubiyyətinə işarələr verən ifadələr əslində özünün deyil, xalqımızın gələcəyinə hesablanan ideyalarının məğlubiyyətindən xəbər verir.
Sərdar Cəlaloğlu israrla siyasi dialoqun, konstruktiv müxalifətçiliyin tərəfdarı olduğunu ortaya qoymaqla mövcud hakimiyyətin “radikal”, “barışmaz”, “anti-milli” qüvvə kimi yaratmaq istədiyi müxalifət obrazını alt-üst etdi və sübut etdi ki, radikallığın, barışmazlığın anti-milli qüvvəyə sövq etməyin qaynağı hakimiyyətin içində olan maraqlı qüvvələrdən gəlir.
Çoxları bu istefanı siyasi iflas, yorğunluq kimi dəyərləndirsə də, əslinə qalsa, bu jest ölkədə keçirilən seçki saxtakarlığına, onun konstruktiv müxalifətçilik ideyalarının iflasından doğan təəssüfdən başqa bir şey deyil. Sərdar Cəlaloğlunun siyasi mədəniyyət nümunəsi olaraq atdığı bu addım təqdir olunsa da o, partiya kütləsinin və onu bir mübariz insan kimi siyasi arenada görmək istəyənlərin düşüncəsini nəzərə alacaq və bundan sonra da öz siyasi fəaliyyətini davam etdirəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?