Oktyabr ayının 30-da İstanbul şəhərindəki tarixi Çırağan sarayında Turk Tarix Kurumunun toplantısı keçirilib və müxtəlif ölkələrdən Kurumun Şərəf Üyəsi (Fəxri Üzvü) seçilmiş tanınmış alimlərə diplomlar təqdim edilib.
Milli Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Türk Tarix Kurumunun Fəxri Üzvü seçilənlərin sırasında tanınmış Azərbaycan tarixçisi, professor Cəmil Həsənli də olub. Mərasimdə Türkiyə Cümhuriyyəti Baş Nazirinin müavini Bülənt Arınc geniş nitq söyləyib, bu yüksək ada layiq görülənləri təbrik edib. Əsasnaməyə görə Kurumun Fəxri Üzvü seçilmiş tanınmış alimlərə geyindirilən cübbə bir vaxtlar Yavuz Sultan Səlimin geyindiyi cübbənin eynisi olaraq hazırlanıb.
Xatırladaq ki, Sultan Səlimin taxtda oturarkən geyindiyi cübbə Təbriz sənətkarları tərəfindən hazırlanmışdı. Fəxri adlara layiq görülənlər arasında böyük türk alimi professer İlber Ortaylı, ABŞ-ın Luisvil Universitetinin professoru, tanınmış türkoloq Castin Makkarti, Britaniyadan olan professor Feruz Ahmed və digərləri də var.
Türk Tarix Kurumunun əsası 1931-ci ildə Mustafa Kamal Atatürk tərəfindən qoyulub və bu təşkilat tarix elmi sahəsində dünyanın ən tanınmış cəmiyyətlərindən sayılır. Mərasımdə bir sıra dövlət rəsmiləri ilə yanaşı Türkiyə Cümhuriyyəti Atatürk kültür, dil və tarix yüksək kuruminin başkanı, professor Derya Örs, Tarix Kurumu başkanı professor Metin Hülagu açılış nitqi söyləmişlər. Professor Cəmil Həsənli Türk Cümhuriyyətinin 90 illiyi ilə bağlı mərasim iştirakçıları qarşısında məruzə ilə çıxış edib.
Tədbir oktyabr ayının 31-də öz işini davam etdirib. Həmin axşam C.Həsənli İstanbulun müxtəlif universitetlərində təhsil alan bir sıra azərbaycanlı tələbə- gənclərlə görüşüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?