İsveçrənin İSN agentliyi: “İsrail Azərbaycanla hərbi əməkdaşlığın bəzi elementlərini dayandırıb”
İsrail Rusiya ilə anlaşma əsasında Azərbaycan və Gürcüstanla hərbi əməkdaşlığın bəzi elementlərini dayandırıb. Virtualaz.org xəbər verir ki, bu barədə İsveçrənin İSN agentliyi tərəfindən yayılan təhlildə göstərilir. İSN agentliyi qlobal təhlükəsizlik və geosiyasət mövzusunda aparıcı düşüncə mərkəzlərindən biri hesab edilir.
Polşanın Beynəlxalq Münasibətlər İnstitunun təhlükəskizlik məsələləri üzrə analitiki Martsin Piotrovskinin təhlilində deyilir ki, Rusiya neçə vaxtdır Suriyaya S-300 PMU “Favorit” zenit-raket komplekslərini satmaq niyyətini bildirir. Təbii ki, İsrail və ABŞ Rusiyanın bu kompleksləri Əsəd rejiminə satmasına qarşıdır. Çünki S-300 PMU “Favorit” kompleksləri Əsəd rejiminə regionda balansı dəyişdirməyə imkan verərdi.
Suriya ilə Rusiya arasında nəzərdə tutulan müqaviləyə əsasən Əsəd rejiminə 4-6 diviziyon S-300 komplekslərinin verilməsi ehtimal edilir. Məlumatlara görə bu komplekslərinin pulunu tamamilə İran ödəməyə hazırdır. Bundan əvvəl İran özü də Rusiyadan “Favorit” komplekslərini almağa cəhd göstərib, ancaq Rusiya İsrail və ABŞ-ın tələblərini nəzərə alaraq İranla müqaviləni dayandırıb. İrana satılması nəzərdə tutulan “Favorit” komplekslərini Rusiya Azərbaycana satıb.
Müəllif qeyd edir ki, əslində Rusiya Suriyaya S-300 komplekslərini sata biləcəyinə işarə edərək İsrail və ABŞ-dan güzəştlər qoparmağa çalışır. Vaxtilə Rusiya İrana S-300 komplekslərinin satışından imtina edəndə əvəzində İsraillə 1 milyard dollarlıq silah müqaviləsi bağladı. İsrail Rusiyanın İrana S-300 komplekslərini satmağı dayandırmasının əvəzində Gürcüstan və Azərbaycanla hərbi əməkdaşlığının bəzi elementlərini dayandırıdı, eyni zamanda Moskva ilə münasibətlərini yaxşılaşdırdı.
Qeyd edək ki, Azərbaycan son illər İsraildən milyardlarla dollarlıq silah sistemləri alıb. Ötən il İsraillə Azərbaycan arasında 1.6 milyard dollarlıq silah müqaviləsi barədə Qərb KİV-lərində məlumat sızdırılmışdı. Məlum olmuşdu ki, bu sövdələşmə Azərbaycana ən yeni radar sistemləri, reaktiv artelleriya kompleksləri, yerüstü hədəfləri dəqiq zərbələr endirə bilən pilotsuz kəşfiyyat təyyarələri və gəmi əleyhinə raketlərin satışını nəzərdə tutur. Bu baxımdan İsrailin Azərbaycanla hərbi əməkdaşlığın məhz hansı elementlərini Rusiyaya görə dayandırdığı naməlum olaraq qalır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?