Ötən həftə sonu Türkiyənin Milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşılayıb. Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi oldu. Hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçdilər, dövlət himnləri səsləndirildi.
Generalların görüşündə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak etdilər. Görüş zamanı hər iki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olundu. Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. Gundemxeber.Az-ın məlumatına görə, siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında bildirib ki, general Hulusi Akarı müşayiət edən nümayəndə heyəti Türkiyə ordusunun ən üst elitası idi. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibi belə fikir yürütməyə əsaslar verir ki, dünya nizamınının dəyişdirilməsi fonunda yaranan təhlükələrə qarşı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını gücləndirmək tezisləri Bakı və Ankara ikilisinin masasındadır:
“Ona görə də, bağlı qapılar arxasında aparılan müzakirələrin anatomiyası birgə strateji aktivlərin artırılmasına və təhdid senarilərinin hərbi modellə həllinə istiqamətlənib. Bunlar Azərbaycana və Türkiyəyə bütün qütblərdən gələ biləcək təhdidlərə qarşı təsir rıçaqlarını inkişaf etdirəcək. Hərbi partnyorluğun mərkəzində dayanan mövzulardan biri də Azərbaycanın Türkiyədən ən müasir silahların tədarükünü davam etdirməsidir. Türkiyənin “Baykar” şirkəti perspektiv üçün dünya hərb bazarları üçün ən cəlbedici olan yeni layihələr üzərində işləyir. “Bayraktar Kızılelma” və “Bayraktar TB3” layihələri, eləcə də uçan maşınların hazırlanması üzərində çalışır. Bunlar müdafiə doktrinalarındakı müharibə senarilərinin pilotsuz aparatlarla aparılmasının gedişatını özündə ehtiva edən ən müasir texnologiya olacaq. Türkiyənin “ASELSAN” şirkəti də həddindən artıq cəlbediciliyi ilə seçilir. Ordunun əməliyyatları üçün mükəmməl koordinasiya quran ən müasir texnologiyalara sahibdir. İndi strateji müttəfiqlik ruhundan irəli gələrək Azərbaycanla Türkiyə arasında vahid əlaqələndirici mərkəzin qurulması istiqamətində iş aparıldığını deyə bilərik. Lap yaxın perspektivdə isə Azərbaycanın ordu arsenalına yeni modern texnologiyaların gələcəyi mümkündür”. A.Kərimov hesab edir ki, ikitərəfli sistematik hərbi quruluş Türkiyənin Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirəcək: “Ankaranın Azərbaycanın təhlükəsizliyi üçün qarantında yeni istiqamətlər yaradacaq. Türkiyə Azərbaycanda müdafiə sənayesinin inkişaf etdirilməsinə kömək edə biləcək bazasını da işə salacaq və yəqin ki, artıq proseslərə başlanılıb. Bütün bunlar Şuşa Bəyannaməsinin müddəalarından irəli gələn proseslərin davamıdır və hərbi əməkdaşlığa yeni çərçivə verəcək. Bu, elə bir səviyyəyə çatacaq ki, mövcud modelin də fövqünə qalxacaq və Azərbaycanla Türkiyə bir-birinin müdafiə ehtiyaclarını ödəmək üçün səyləri birləşdirəcək. Həmin səylər isə bir nöqtənin qoyulmasına hesablanıb: Türkiyənin Azərbaycanda hərbi baza yaratması planı mövcuddur. Azərbaycanın Hərbi Doktrinası da belə bir halı (xarici ölkələrin bazasının ölkədə yerləşdirilməsi) istisna etmir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?