ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsini nizamlamaq mandatı verilmiş Minsk Qrupu 28 illik fəaliyyəti ərzində bu missiyanın həyata keçirilməsində heç bir nəticəyə nail olmayıb. Və indi, Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, artıq onun fəaliyyətinə ehtiyac qalmayıb.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxışında bildirib.
Onun fikrincə, xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun üç həmsədrinin görüş keçirə bilməyəcəyi göz önündədir.
"Biz artıq Minsk Qrupu institutunun artıq fəaliyyət göstərməyəcəyi barədə mesajlar almışıq", deyə prezident qeyd edib.
Buna görə, Əliyevin sözlərinə görə, Ermənistanda və istənilən digər ölkədə Minsk Qrupu haqqında istənilən spekulyasiyalar mənasızdır.
Minsk Qrupunun münaqişənin nizamlanması üçün işləyib hazırladığı "Madrid prinsipləri"ni Azərbaycan özü həyata keçirib. "İndi biz Ermənistanla münasibətləri necə normallaşdıracağımız və necə sülh sazişi imzalayacağımız barədə düşünməliyik", deyə o qeyd edib.
Ermənistan hökumətinin Azərbaycanın normallaşma üçün təklif etdiyi beş təməl prinsipi qəbul etməsindən məmnunluğunu bildirən Əliyev "indi bu istiqamətdə təcrübi addımlar atmaq" zərurətini qeyd edib.
Bu zaman Əliyev Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərini, o cümlədən regionda kommunikasiyaların açılması barədə bəndi yerinə yetirməli olduğunu vurğulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?