“Eldar Namazovun müqayisəsi düzgün deyil. Yəni “Müsavat Partiyasının istəyi ilə hakimiyyətin istəyi üst-üstə düşür” müqayisəsi yanlışdır. Mən heç yerdə rast gəlməmişəm ki, hakimiyyət nümayəndələri guya Milli Şuranın yalnız AXCP və Müsavat Partiyasından ibarət olması fikrini söyləsin”.
Bunu Modern.az-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.
Müsavat funksioneri Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazovun son müsahibəsinə münasibət bildirərkən qeyd edib ki, Müsavat Partiyasının mövqeyi Dağlıq Qarabağ məsələsində hakimiyyətlə üst-üstə düşür, amma bu ayrı məsələdir: "Milli Şura və onun fəaliyyəti ilə bağlı deyə bilərəm ki, hakimiyyət daim bu qurumun dağılmasını istəyib. Müsavat Partiyası isə qurumun saxlanması, sədrinin Rüstəm İbrahimbəyov olması və vahid namizədinin Cəmil Həsənli olmasını dəstəkləyən partiya olub. Milli Şuranın fəaliyyətini, deyək ki, onun bu günə qədər mövcud olmasını, seçkilərdə qalib gəlməsini şərtləndirən əsas səbəblərdən biri də Müsavat Partiyasının orada olmasıdır”. G. Aslanlı bu cür əsassız ittihamların Milli Şuranın sessiyasında müzakirəyə çıxarılmayacağını bildirib: “Milli Şura demokratik bir təşkilatdır. Orada hər bir fikri sessiyaya çıxarıb, müzakirə etmək o qədər məqsədəuyğun deyil”.
Xatırladaq ki, Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov müsahibəsində deyib ki, hakimiyyət Cəmil Həsənlini iki partiyanın namizədi səviyyəsinə endirmək istəyirdi: “Bu təbliğat, təəssüflər olsun ki, üst-üstə düşdü. Hakimiyyət bu təbliğatı niyə aparırdı, aydın məsələ idi. Ola bilsin ki, kimlərsə burada taktiki məsələlərdə uduş əldə etmək xətrinə strateji hədəfləri nəzərə almadan müxalifət düşərgəsində də kampaniya keçirdi. Əslində belə deyildi. Milli Şura bütövlükdə Cəmil Həsənlini dəstəklədi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?