“Rüstəm İbrahimbəyovun siyasi partiya rəhbərlərinin həmsədrliyini Milli Şuranın məhvi kimi qiymətləndirməsi, onun siyasətçi olmaması ilə əlaqədardır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini, Milli Şuranın üzvü Gülağa Aslanlı deyib.
Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bildirib ki, partiya liderləri Milli Şurada həmsədr olsalar, qurumu məhv edərlər və Milli Şura İctimai Palataya çevrilər.
Müsavat funksioneri isə R. İbrahimbəyovun bu cür yanaşmasını düzgün hesab etmir: “Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ancaq bu fikirlə razı deyiləm. Çünki ən azı Rüstəm İbrahimbəyov görür ki, Milli Şuranın tərkibində iş görən kimlərdir, siyasi partiyalar, liderlər, yoxsa Milli Şuraya yazılıb, kənardan baxanlar. Ona görə də, Rüstəm İbrahimbəyovun bu cür şərhini onun siyasətçi olmaması ilə bağlayıram”.
AXCP sədrinin müavini Gözəl Bayramlı da APA-ya açıqlamasında R. İbrahimbəyovun fikri ilə razılaşmadığını bildirib: “Hesab etmirəm ki, Milli Şuraya partiya sədrləri rəhbərlik etsələr, qurumun taleyi şübhə altında olar. AXCP və Müsavat Partiyası Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan təşkilatlardır. Bu liderlər indiyədək iki partiyanın gücünü qoruyub saxlayıb və kifayət qədər möhkəmləndiriblər. Bu proses həmin liderlərin keyfiyyətindən xəbər verir. Hətta hesab edirəm ki, Rüstəm İbrahimbəyov belə bir fikir ifadə etməz, bəlkə də dedikləri təhrif olunub”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?