Azərbaycan 1918-ci ildə müstəqil olduqdan və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən indiyədək qonşularla daim sülh və əməkdaşlıq şəraitində yaşamağa çalışıb.
Təəssüf ki, həm cümhuriyyət dövründə, həm də müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı düşmən mövqedə olan qonşular olub və bu gün də var.
Bu iki qonşunun biri Ermənistandırsa, digəri İrandır.
Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir. Hərçənd Ermənistan tarixi Azərbaycan torpaqları üzərindən qurulmuş bir dövlətdir və Azərbaycan torpaqlarını da 30 ilə yaxın işğal altında saxlayıb.
Təəssüf ki, rəsmi adında “İslam” sözü olan İran Ermənistanla birgə Azərbaycana qarşı düşmən mövqeyi göstərib və göstərməkdə davam edir.
Bu düşmən mövqeyi Azərbaycan torpağı işğal altında olduğu dövrdə də İranın Ermənistana yardımı ilə gördük. Habelə, Azərbaycan torpaqlarını işğaldan azad etdiyi 44 günlük müharibə zamanı da İran Ermənistana dəstəyi ilə əsl üzünü göstərmiş oldu.
Bu azmış kimi İran cəfəng fikirləri ilə Ermənistana təbliğati baxımdan da yardım edirdi. Həmin vaxtlar iddia edirdi ki, guya Azərbaycan torpaqlarında muzdlu əsgərlər, terrorçular döyüşür… Bunu İranın adi kütləvi informasiya vasitələri deyil, ölkənin ali rəhbərindən tutmuş, prezidentinə, xarici işlər nazirinə, səfirinə qədər hər kəs səsləndirirdi.
İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi günümüzə qədər davam edir. Ötən müddət ərzində Azərbaycan İrana xoşməramlığını dəfələrlə nümayiş etdirsə də, İran “xain xoflu” xislətindən əl çəkmir.
Region ölkələrinin bir-biri ilə, o cümlədən müxtəlif bəhanələrlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırmasına mane olmağa çalışır. İran Türkiyə-Azərbaycan münasibətlərindən, əməkdaşlığın inkişaf etdirilməsindən qıcıqlanır, buna xaincə yanaşır.
Azərbaycana qarşı etdiyi bu kin-küdurətə baxmayaraq, ölkəmiz İrana daima xoş münasibət bəsləyib. Bu yaxınlarda Azərbaycan növbəti dəfə xoşməramlılıq göstərərək İranın hərbçilərini işğaldan azad etdiyi torpaqlarına səfərə aparmaqla sübut etdi ki, ölkəmiz qonşularına açıq və xoş münasibət bəsləyir. İran qapalı ərazilərinə Azərbaycan hərbçilərini buraxmaz, ancaq Azərbaycan bunun əksini etdi.
Bütün bunlar azmış kimi, İran Cənubi Azərbaycandakı soydaşlarımızın milli haqlarını addımbaşı tapdalayır. Hər kəs yaxşı bilir ki, indiki İranda mərkəzləşdirilmiş fars düşüncəli sistem hakimiyyətə Qacar səltənətini devirməklə gəldi. Pəhləvilər xarici qüvvələrin əli ilə hakimiyyətə gəldilər və türklərin – azərbaycanlıların hakimiyyətinə son qoyaraq fars şovinist düşüncəli sistemi hakimiyyətə gətirdilər. Bu gün də İslam pərdəsi altında həmin panfarsist şovinist düşüncəli ideologiyanın daşıyıcıları hakimiyyətdədir. Bu ideologiyanın adı İran mərkəzli fars düşüncə sistemidir. Məhz bu düşüncəyə görə Cənubi Azərbaycandakı 30 milyonluq azərbaycanlılar təzyiqlərə məruz qalaraq sıxışdırılır. Onların məktəblərdə ana dilində təhsil almasına imkan verilmir.
Bax, İranın azərbaycanlılara, Cənubi Azərbaycana, Azərbaycan Respublikasına münasibəti budur.
Sorğu
Yeni dizaynımız necədir?