Əhali arasında daha çox JEK kimi tanınan mənzil istismar sahələri (MİS) gələn ildən özəl şirkətlərin idarəetməsinə veriləcək. Bu məlumat virtualaz.org saytına Bakı Şəhər İcra Hakimiyyətindəki mənbələrdən daxil olub. Məlumatda deyilir ki, artıq bir neçə dövlət qurumu ilə birgə MİS-lərin idarəetməyə verilməsi təkliflərinə baxılır.
Xəbərdə qeyd edilir ki, gündəmdə MİS-lərin özəlləşdirilməsi, yerli özəl və ya xarici şirkətlərə idarəetməyə verilməsi məsələsi də var.
Qeyd edək ki, artıq İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları da JEK-lərlə bağlı islahatların aparılacağını açıqlayıblar.
“2009-cu ildə qəbul edilən Mənzil Məcəlləsində JEK-lərin qurum kimi ləğv edilməsi məsələsi əksini tapıb. Sadəcə olaraq məmurlar bu prosesi özlərinə sərf edən variantda yerinə yetirməyin yollarını axtarırlar” - bunu isə virtualaz.org saytına açıqlamasında tanınmış iqtisadçı Rövşən Ağayev deyib:
İstisadçının sözlərinə görə, qanun vətəndaşa bu məsələdə üç seçim imkanı verir: “Birinci variantda vətəndaşlar yığışaraq idarəetmə formaları müəyyənləşdirməlidir. Yəni onlar binada yaşayan sakinlərin 50 faizindən az olmamaq şərtilə özləri seçim edə bilərlər. Bu halda yaradılan qurum bina ilə bağlı məsələlərin həllində iştirak edir. Yəni ayrı-ayrı mənzillərin deyil, ortaq problemləri həll edir”.
Ekspertin sözlərinə görə, ikinci variant isə QHT-lərə oxşar müştərək cəmiyyətin yaradılmasıdır: “Bu cəmiyyət Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçməlidir. Lakin cəmiyyətlərin gəlir mənbəyi ola bilməz. Yığılan vəsait isə yalnız binanın kommunal problemlərinin həllinə xərclənməlidir”.
Rövşən Ağayev qeyd etdi ki, birinci variantda vətəndaşlar xidmət sahələri ilə fərdi müqavilələr bağlaya bilərlər. Lakin cəmiyyət yaradılacağı təqdirdə müqavilələr bu qurum tərəfindən bağlanılmalıdır. Cəmiyyətin idarə olunmasına gəldikdə isə idarə heyəti və sədr seçilməlidir.
“Üçüncü halda isə JEK-lərin idarə olunması şirkətlərə tapşırıla bilər. Görünür, məmurlar məhz buna meyllidir” - deyə iqtisadçı vurğuladı.
Onun sözlərinə görə, məmurlar JEK-lərin özəlləşdirilməsinə çalışırlar: “Müəyyən məmurlar JEK-lərin özəlləşdirməsində maraqlıdır. Məsələn, JEK-lər bu qurumların təcrübəsi, bazası kimi bəhanələrlə ələ keçiriləcək. Nəzərə almaq lazımdır ki, MİS-ləri özəlləşdirilməsi zamanı bazası şirkətin əlinə keçəcək”.
İqtidasçı bu sahədə bütün hallarda islahatların aparılmasını vacib sayır: “Amma bu yöndə səslənən daha bir təklifin, yəni JEK-lərin səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifinin həyata keçirilməsi mümkün deyil”.
Qeyd edək ki, Bakıda 150-dən çox MİS, onların balansında, özü də şəhərin ən yaxşı yerlərində isə xeyli torpaq sahəsi, tikili və yarımtikili var. Paytaxtın hər qarışı uğrunda az qala ölüm-dirim savaşına çıxan məmurlar görünür, indi də məhz bu əraziləri ələ keçirmək üçün MİS-ləri gərəksiz elan edir, hətta qanunlara da dəyişiklik ediblər...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?