Seint Kitts və Nevis adlı dövlət tanyırsınızmı? Yəqin ki, coğrafiyaşünaslar istisna olmaqla çoxları bu adı eşidəndə çiyinlərini çəkəcək. Bəs bu cırtdan dövlətin Azərbaycanla nə işi?!
Virtualaz.org xəbər verir ki, Karib dənizində yerləşən bu cırtdan dövlətdə hazırda ciddi rüşvət qalmaqalı yaşayır. Qalmaqala səbəb Əlirza Moqhadam (Alireza Moghadam) adlı iranlının bu ölkənin xarici işlər nazirinə 1 milyon dollar rüşvət verərək diplomatik pasport alması, üstəlik ada dövlətinin Türkiyə və Azərbaycan üzrə xüsusi nümayəndəsi statusunu almasıdır.
Ada dövlətinin sknvibes.com adlı xəbər saytının yazdıqlarına görə, bu ölkənin keçmiş hökumət üzvü Timoti Harris ötən həftə parlamentin toplantısında bu rüşvət faktını açıb. O bildirib ki, iranlı Əlirza Moqhadam diplomatik pasportla Kanadaya gedib və bu ölkənin baş naziri ilə görüşməyə çalışıb. Kanada hakimiyyət orqanları ondan şübhələnərək saxlayıblar və diplomatik statusu ilə maraqlanıblar.
Dindirmə zamanı iranlı bildirib ki, diplomatik pasportu və xüsusi nümayəndə statusunu 1 milyon dollara Seint Kitts və Nevis dövlətinin xarici işlər naziri Patrik Nisbetdən alıb.
Xarici işlər nazirinin 1 milyon dollara diplomatik pasport satması ada dövlətinin ictimaiyyətində geniş rezonans doğurub. Müxalifət nazirin istefasını tələb edib. Korrupsiya faktını açıqlayan keçmiş hökumət üzvü isə ölkəni tərk etmək istəyərkən aeroportdan qaytarılıb və onun diplomatik pasportu əlindən alınıb.
Xarici işlər naziri P.Nisbet məsələ ilə bağlı parlamentdə izahat verib. O bildirib ki, iranlıya diplomatik pasport ölkənin Türkiyə və Azərbaycandakı xüsusi nümayəndəsi kimi fəaliyyət göstərmək üçün verilib. Lakin nazir rüşvət faktını inkar edib. Hazırda bu məsələ ilə bağlı vaxtilə Britaniyanın müstəmləkəsi olmuş ada dövlətində qalmaqal davam edir.
Qeyd edək ki, Seint Kitts və Nevis adasının əhalisi 51 min nəfər, ərazisi isə 261 kvadrat kilometrdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?