Şirin Cəfəri: "Tural Abbaslının tərbiyəsizliyi ciddi narazılıq yaradıb"
Milli Şuranın son sessiyası zamanı KXCP İbrahimbəyovun sədrlikdən getməsinə ciddi etiraz edib, onun fəaliyyətini davam etdirməsini dəstəkləyib. Sessiya zamanı Müsavat Partiyası ilə KXCP nümayəndəsi arasında mübahisə də yaranıb. İş o həddə çatıb ki, münasibətləri yumruq davası ilə yoluna qoymağa cəhd edilib.
Bütün bunlar isə KXCP-ni düşünməyə sövq edir. Çünki İbrahimbəyovun sədr olmadığı müddətdə bu qurumda fəaliyyət elə də asan olmayacaq. Görünən budur ki, Şurada hamını bir araya gətirəcək yeganə şəxs İbrahimbəyov idi. Bəs bundan sonra KXCP-nin yeri harada olacaq, hansı formada fəaliyyətə üstünlük verəcək?
KXCP sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu Milli Şurada istəklərini açıqladıqlarını bildirdi: "İbrahimbəyovun sədrlikdən getməsini istəmirdik. Eləcə də həmsədrlik ideyasını dəstəkləyirdik. Amma onun fəxri sədr seçilməsinə də dəstək verdik. Amma fəxri sədr səlahiyyətsiz postdur və hədiyyə xarakteri daşıyır. Milli Şuranın fəaliyyət göstərməsini, 2-3 partiyanın öhdəsində qalmamasını istəyirik. Bu gün Milli Şuranın strukturlaşması zəif gedir. Bu gün kənarda çoxlu siyasi partiyalar var və biz onları Milli Şuraya dəvət etmirik".
KXCP Ali Məclisinin üzvü Şirin Cəfəri isə Milli Şuradakı müttəfiqlərini tənqid edərək onlara xəbərdarlıq edib: "Milli Şurada təmsil olunan partiyaların bəzi üzvləri ağlına deyil, ağzına gələni danışır, oxu atıb yayı gizlədirlər. Deyirlər ki, Milli Şurada real qüvvə iki partiyadır. Yəni AXCP və Müsavatdır. KXCP böyük partiyadır və ölkə üzrə əksər yerlərdə təşkilatları var. KXCP-yə münasibətdə belə bir mövqenin sərgilənməsi həyasızlıqdır. Milli Şuranın son sessiyası zamanı Tural Abbaslının tərbiyəsizliyi bizdə ciddi narazılıq yaradıb. Bu uşaq dünən siyasətə gəlib və hələ bilmir ki, Nizami Ələkbərli 1988-ci ildən bu yana ortadadır. Təsəvvür edin ki, dünən ortaya çıxan cavan bir oğlan Azərbaycanın müasir tarixində iştirak edən şəxsə deyir ki, səsini kəs, ağzını bağla və s. Sən bu gün mübarizə aparırsansa, heç olmasa bir keçmişinə baxmalısan. Sən keçmişinə "kəs" deyirsənsə, demək tərbiyə və etikadan xəbərin yoxdur. Bu gün KXCP-dən başqa rayonlarda təşkilatı olan təsisat yoxdur. Varsa da, bir sədrdir, bir də "papka"sı".
Ali Məclis üzvü deyib ki, əgər Milli Şurada tərbiyəsiz insanların qarşısı alınmasa, KXCP öz sözünü deməyə məcbur olacaq: "Təbii ki, biz belə məsələlərdə susmayacağıq. KXCP rəhbərliyi də özünün müvafiq qərarını verə bilər. Mən hesab edirəm ki, partiya Milli şuradan gedə bilər. Belə bir tərbiyəsizliyi biz heç vaxt qəbul edə bilmərik. KXCP böyük bir partiyadır və burada əqidəli insanlar toplaşır". Teleqraf.az
Sorğu
Yeni dizaynımız necədir?