Səlcuq Ağlayan: “Dediklərini sübut eləməsə, Elşad Abdullayevin sərvətini alacam” “O, ”əlimdə kasetiniz var“ deyib, təhdid etdiyi insanlardan nə qədər pullar aldığını etiraf etsin“
ABU-nun sabiq rektoru Elşad Abdullayevin “Yeni Müsavat”ın ötən saylarında dərc edilən müsahibəsi xeyli şəxslərə söz haqqı yaratdı. Onlardan biri də türkiyəli iş adamı, “mandat qalmaqalı”nda adı hallanan, ötən ilin 26 dekabr tarixində dünyasını dəyişən Sevinc Babayevanı İstanbulda himayə edən Səlcuq Ağlayandır. E.Abdullayev müsahibəsində onunla bağlı bir neçə fikir söyləyib ki, biz də buna onunla söhbətdə aydınlıq gətirməyə çalışdıq.
Türkiyəli iş adamı da ilginc anonslar verdi
- Səlcuq bəy, Elşad Abdullayev bizə müsahibəsində sizinlə bağlı bəzi gerçəklərin bilinmədiyini söylədi. Onun sözlərinə görə, sizinlə Gülər Əhmədova arasında daha öncə pulla bağlı anlaşılmazlıq olub və siz onlardan rəsmi şikayət etmisiz. Hətta sizin tapşırığınızla Gülər Əhmədovanın maşınının vurulduğunu da iddia etdi.
- Elşad Abdullayev artıq kabus görməyə başlayıb. O, öncə qayıtsın özünün arsızlıqlarına, oğurluqlarına baxsın. İki qadının - Sevinc Babayeva ilə Gülər Əhmədovanın həyatını necə məhv etdiyinə baxsın. Azərbaycandakı minlərlə insanı, tələbəni necə yarı yolda qoyduğuna diqqət yetirsin. Bu adam daha öncə də mənə qatil dedi. Amma Türkiyə məhkəmələri mənim qatil olmadığımı sübut etdi. İndi də boyundan böyük sözlər danışmağa başlayır. Qarşılığını da mütləq tapacaq. Sübut eləsin ki, mənim Gülər Əhmədova ilə onun dediyi kimi hər hansı bir əlaqəm, davam, məhkəmə məsələm olubmu? Ortaya çıxarsın bunu, sonra danışar. Əgər bunu isbat etsə, gəlsin mənim sərvətimi alsın. Yox, əgər ala bilməsə, zatən mən onun sərvətini alacam. Mənə çirkin iftiralar atır və ünvanıma əxlaqsız sözlər deyir. İndi Gülər Əhmədova cəza aldı, Sevinc Babayeva da dünyasını dəyişib. Mənimlə uğraşır. Amma məni yaxşı araşdırsın. Demək ki, məni yaxşı araşdırmayıb. Araşdırsaydı, belə bir iftira atmazdı.
- Gülər Əhmədova ilə şəxsən heç bir tanışlığınız yoxdu?
- Yox, təbii ki. İlk gündən necə demişdimsə, elədir. Amma tanınmış siyasətçiləri, Azərbaycanın rəhbərliyindəki şəxslərin kimliyini mediadan oxumuşam, bilirəm. Gülər Əhmədova ilə isə heç bir tanışlığım, şəxsi söhbətim olmayıb. Belə bir şey olsa onsuz da deyərəm. Gülər Əhmədovanı tanımaq şübhəli vəziyyət deyil ki? Günah sayılmır onu tanımaq. Amma Elşad Abdullayev öz etdiklərini yada salsın, onların hesabını versin öncə. İnsanları necə aldatdığını, onların pulunu necə aldığını, qardaşını yoxa çıxarıb, sonra da ortalara düşüb, “qardaşım yoxdur” deməsin. Getsin qardaşını ortaya çıxarsın, insanları şantaj etməsini. Onları çıxarsın ortaya. Dəqiq desin ki, qardaşı nə zamandan bəri itib, kimlərə pul verib. Onun dediyindən belə çıxır ki, bütün Azərbaycana qardaşı üçün pul paylayıb. Sənin bu qədər pulun hardandır? Bəlkə bütün Azərbaycana sahibsən? Getsin bu pulları hardan tapdığının açıqlamasını versin. İndi yaşadığı Fransada həmin pulların rahatlığı ilə dolanır. Oturduğu yerdən isə bir çox insanı, eləcə də Azərbaycan hökumətini şübhə altında qoyub.
- Elşad Abdullayev konkret sizinlə bağlı daha öncə “qatil” demişdi, indi daha fərqli bir ittiham səsləndirir. Onun sizinlə bağlı verdiyi ittihamların səbəbi nədir, sizcə? Daha öncədən bir tanışlığınız olubmu?
- İsbat etsin. Çamur atıb, izi qalmasın, sübut etsin, sonra danışar. Demir əlində sənəd var? Qoysun ortaya. Burası Türkiyə Cümhuriyyəti. Burda qanunlar var, hər şey qanun çərçivəsində həll olunur. İfitra atmaqla heç kimi həbs etdirmək olmaz. O biri dünyaya köçüb gedəcək, o biri dünyada necə can verəcək, çox maraqlıdır mənə. Bu qədər insanın pulunu oğurlayıb, sonra xaricə qaçırıb, o qədər insanı töhmət altında qoyub. Elşad Abdullayev getsin, “əlimdə kasetiniz var” deyib, təhdid etdiyi insanlardan nə qədər pullar aldığını etiraf etsin.
- Səlcuq bəy, dediyiniz bu video şantajla bağlı əlinizdə konkret fakt varmı?
- Onu mən bilmərəm. Sizin hüquq-mühafizə orqanları araşdırsın bunu. Adama diqqət edə bilirsizmi? İttihamla bir qadına cəza verdirdi, digər qadının ürəyini partlatdı. Demək ki, bu işə baxan hakimlərin, prokurorların, ya da bu işə ümumən rəhbərlik edənlərin ondan çəkindiyi var. Bu adamın əlində nəyi var ki, adamlara istədiklərini etdirə bilir? Çox maraq edirəm bunu, çox.
- Sevinc Babayeva son günlərini sizin yanınızda keçirib. Sizinlə söhbətlərində Elşad Abdullayev barədə nə danışırdı? Onu necə xarakterizə edirdi?
- Bununla bağlı heç nə söyləməyəcəm. Təbii ki, Sevinc xanımla oturub öz aramızda bəzi söhbətləri etmişdik. Amma bu söhbətlərlə bağlı zamanı gələndə danışacağam. Mən onun kimi əxlaqı aşağı səviyyədə olan sözlər demərəm, çünki elə adam deyiləm. Zamansız, söz xatirinə söz danışmaq, gündəmə gəlmək üçün heç nə danışmıram. Siz qəzetçisiniz, nə baş verdiyinin fərqində deyilsiz? Elşadın kim olduğunu siz də, bütün ictimaiyyət də, insanlar da bilir. Daha nəyi araşdırırsız ki? Elşad oğrunun, arsızın öndə gedənidir. Ordan da gedib Azərbaycan hökumətini töhmət altında qoyan bir adamdır. Mən qatil olsaydım, burda bəraət etmə şansım var idi? Türkiyə Cümhuriyyətində heç kimi pulla satın ala bilməzsən. Buranın hakimləri, prokurorları qanunlarla işləyir, pulla yox. Çünki burda demokratiya var.
- Elşad Abdullayev bunun əksini iddia etdi və Sevinc Babayevanın ölüm ekspertizası nəticələrinin da saxtalaşdırıldığına eyham vurdu.
- Elə bir şey mümkün deyil. Bizdə Ədliyyə Tibb Qurumu məhkəmədən müstəqil fəaliyyət göstərir. Heç kimin gücü və nəfəsi ona çatmaz. O dönsün öz ölkəsində etdiyi oğurluqlara baxsın. Nəyi necə oğurlayıb, günahsız insanların pullarını alıb, onları diplom adı ilə aldadıb, əvəzində saxta diplom verib. O biri dünyada onun hesabını verməyə hazırlaşsın. Bəlkə Azərbaycan hökuməti bu dünyada onun etdiklərinin hesabını soruşa bilməyəcək. Amma o biri dünyada bunun hesabı mütləq veriləcək. O otursun öz vicdanının hesabatını aparsın. Pulla satın alıb bəzi insanları. Amma unutmasın ki, pulla satın alınan gücü bir başqası daha yüksək məbləğdə pul verməklə əldə edə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?