Gələn il xalq üsyanları, qiyam və etirazların baş qaldıra biləcəyi yeganə MDB ölkəsi Özbəkistandır
Böyük Britaniyanın nüfuzlu “The Economist” həftəliyi gələn il inqilab təhlükəsi ilə üz-üzə qalacaq ölkələrin siyahısını açıqlayıb.
Virtualaz.org saytı “The Economist”ə istinadən bildirir ki, jurnalın analitik mərkəzi olan “İntellegence Unit” tərəfindən hazırlanmış təhlildə göstərilir ki, 2014-cü ildə 19 ölkənin xalq üsyanları, qiyam və kütləvi etirazlarla üzləşmək riski çox yüksəkdir. Dünyanın 150 ölkəsində siyasi və sosial problemləri, habelə sosial partlayış riskinə dair proqnozları analiz edən mərkəz ölkələri 0-4 ballıq şkala ilə qruplaşdırıb.
Bu şkalaya əsasən Özbəkistan gələn il üçün inqilab, xalq üsyanı riskinin ən yüksək olduğu 19 ölkə arasındadır və keçmiş sovet respublikaları arasında “çox yüksək risk” qrupunda yer alan yeganə ölkədir. Bu qrupda Misir, Liviya, İraq, Livan kimi ölkələr yer alır.
Orta Asiyanın qalan 4 respublikası - Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan isə “yüksək risk” qrupu ölkələrinin sırasına daxil edilib. Bu qrupda 46 ölkə, o cümlədən İran, Çin, Pakistan, Türkiyə, Belarus və Ukrayna yer alır.
Azərbaycan isə nə “çox yüksək”, nə də “yüksək” risk qrupu ölkələri arasında yer almır. “İntellegence Unit”in analitikləri Azərbaycan da daxil olmaqla qalan keçmiş sovet respublikalarını, o cümlədən Rusiyanı “orta risk” qrupu ölkələrinə daxil edib. Həmin qrupda Böyük Britaniya, Fransa, Latviya, Ermənistan, Küveyt, Niderland və s. ölkələr də yer alır.
Riskin minimal olduğu ölkələrin sayı isə Avstriya, Danimarka, Lüksemburq, Norveç və İsveçrədir.
Analitiklər qeyd edir ki, mümkün siyasi qeyri-sabitliyə zəmin yaradan səbəblərdən biri 2008-2009-cu illərin iqtisadi böhranıdır. Habelə dünyanın bir çox ölkələrindəki diktator rejimləri siyasi qeyri-sabitliyin əsas səbəbi olaraq qalır. Jurnal qeyd edir ki, iqtisadi problemlər ciddi sosial və siyasi qeyri-sabitliyə gətirib çıxaran əsas şərtlər arasında olsa da onlar həlledici deyil. Belə ki, gəlirlərin azalması və yüksək işsizlik səviyyəsi heç də həmişə iğtişaşlarla müşayiət olunmur. Bu problemlər ancaq digər neqativ amillər, məsələn, gəlirlər arasında kəskin fərqlər, zəif hökumətlər, aşağı sosial təminat səviyyəsi, etnik gərginlik, demokratiya böhranı ilə üst-üstə düşəndə kütləvi etirazlara və üsyana səbəb olur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?