Brayzanın məqaləsi hakimiyyətə qarşı kəskin ittihamlara səbəb oldu Dünyaca nüfuzlu “Forbes” jurnalı Azərbaycanda repressiv rejimin hökm sürməsindən bəhs edən məqalə yayımlayıb. “Azərbaycan mütləq mənada siyasi islahatlar modeli olmayan ölkədir” başlıqlı məqaləni əslində, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayzanın bugünlərdə CNN-in saytında yayımlanmış yazısına cavab kimi də qiymətləndirmək olar. “Forbes”dəki məqalənin əvvəlində Brayzanın yazısından sitat gətirilir. Meytu Brayza Azərbaycanın Qərb üçün böyük əhəmiyyət kəsb etməsindən bəhs edir. Bildirir ki, hətta Iranda siyasi islahatlar uğrunda mübarizə aparan adamlar da Azərbaycandakı proseslərdən ilhamlana bilər. Brayza ölkəmizin tarixinə qısa ekskurs edərək, yazır ki, müsəlman Azərbaycanında yəhudilərin heç bir problemi yoxdur, bu ölkədə qadınlar Amerikadakılardan da bir il əvvəl seçki hüququ əldə ediblər. Keçmiş səfir onu da qeyd edir ki, ABŞ və Avropa Birliyi Azərbaycana lazımi diqqət ayırmalıdır: “Çünki bu ölkə bizim üçün ciddi strateji əhəmiyyət kəsb edir”. “Forbes”də məqalənin müəllifi Mark Adomares keçmiş səfirin yazısından bir parçanı təqdim etdikdən sonra onun yazdıqları ilə bağlı öz fikirlərini bölüşür. Yazır ki, Iranda islahatlar uğrunda mübarizə aparan insanların Azərbaycandan ilhamlanması ideyasını dəstəkləmək üçün heç bir əsas yoxdur. Sadəcə, ona görə ki, bu gün Azərbaycanda dünyanın ən repressiv rejimlərindən biri hökm sürür. Yada salır ki, “Economist Intelligence Unit”in müəyyənləşdirdiyi siyahıda Azərbaycan sərt avtoritar rejimlərdən biri kimi xarakterizə olunur. Mark Adomares daha sonra yazır: “Baxmayaraq ki, Brayza Azərbaycanın Irandakı islahatçılara nümunə ola biləcəyini deyir, reallıqda isə Azərbaycandakı rejim Rusiyadakından da sərtdir. Bu arqument beynəlxalq təşkilatların hesabatlarına əsaslanır. ”Economist Intelligence Unit"in siyahısında Rusiya 167 ölkə arasında 122-ci, Azərbaycan isə 139-cudur. Rusiya “hibrid” rejimlərə yaxın olduğu halda, Azərbaycan siyahıda Çinin “qonşuluğunda” yer tutub. Təkcə “Economist Intelligence Unit” deyil, “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı da Azərbaycanı “qeyri-azad ölkələr” siyahısına aid edib. “Polity IV” araşdırma proyektində aparılan tədqiqatlar nəticəsində də Azərbaycan Rusiyadan daha avtoritar və daha repressiv rejim kimi xarakterizə olunur. Bu araşdırmaya görə, Rusiyada yüksək səviyyədə qüsurlu demokratiya olduğu halda, Azərbaycanda açıq-aşkar avtoritarizm hökm sürür. Iran islahatçılarının Azərbaycandan - Rusiyadan da pis vəziyyətdə olan ölkədən ilhamlanmalı olduğu haqda fikirləri əlbəttə, gülməlidir. Qərb əvvəlki kimi Azərbaycanla əməkdaşlıq etməlidirmi? Əlbəttə. Hesab edirəm ki, Qərb praktiki hər bir ölkə ilə məşğul olmalıdır. Amma elə təsəvvür yaratmamalıyıq ki, biz dəyərlərimizi yaymaq üçün avtoritar hakimiyyətlərlə əməkdaşlıq edirik. Azərbaycan hakimiyyəti Qərb dəyərlərini bölüşmür. Dünyada ən qapalı siyasi sistemlərdən biri məhz Azərbaycandadır. Həmişə maraqlarla dəyərlər arasında konflikt olub. Azərbaycan kimi ölkələrlə qarşılıqlı əlaqə isə bu konflikti xüsusən kəskinləşdirir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?