Azərbaycanın da yer aldığı böyük qaz oyununda (bəzi analitiklər illərdir davam edən bu mürəkkəb prosesi poker oyununa bənzədir-red.) yeni raund başlayıb.
Virtualaz.org saytı Rusiya və Avropanın enerji çevrələrinə istinadən xəbər verir ki, ötən il dekabrın sonlarında Bakıda “Şahdəniz-2” yatağına dair müqavilələrin imzalanmasından sonra Brüssel gözlənilmədən Moskvaya təzyiq göstərməyə başlayıb.
Avropa Komissiyası dekabrın sonlarında qəfildən Rusiyadan tələb edib ki, “Cənub axını” qaz kəməri layihəsinə dair hökumətlərarası razılaşmalara yenidən baxsın. Çünki bu razılaşmalar 2009-cu ildə qəbul edilmiş Avropa qanunvericiliyinə və Avropa İttifaqının “Üçüncü enerji paketi”nə ziddir. Xəbərdarlıq edilib ki, əgər Rusiya bu tələbi yerinə yetirməsə, onu məcbur etmək üçün vasitələr tapılacaq. Söhbət “Cənub axını” kəmərinin keçəcəyi ölkələrlə bağlanmış tranzit razılaşmalarından gedir.
“Vedomosti” həftəliyi yazır ki, faktiki olaraq Avropa Komissiyasının tələbi “Cənub axını” layihəsini həyata keçirən “Qazprom” şirkətini üçüncü qaz təchizatçılarının, konkret olaraq Azərbaycanın bu kəmərə qoşulmasına razılıq verməyə məcbur etməyə hesablanmışdı. Həmçinin Avropa Komissiyasının tələblərinə görə, Rusiya şirkəti öz qaz nəql kəmərlərini inhisarda saxlamaq və tarifləri birtərəfli qaydada müəyyən etmək səlahiyyətlərinə malik olmamalıdır. Rusiya tərəfi Avropa Komissiyasının bu şərtlərini rədd edib.
Bəs Rusiya qazından asılı olan Avropa “Qazprom”u sıxışdırmaq üçün bu cəsarəti haradan tapıb?
Analitiklərin qənaətinə görə, bunun səbəblərini dekabrda Bakıda imzalanan “Şahdəniz-2” müqavilələrində axtarmaq lazımdır. Bu müqavilələr sayəsində Avropa Rusiya qazından asılılığı azaltmaq üçün alternativ mənbəyə ilk dəfə çıxış əldə edir.
Doğrudur, Azərbaycanın “Şahdəniz”dən TANAP və TAP kəmərləri ilə Avropaya nəql edəcəyi qazın həcmi elə də böyük deyil və ildə 10 milyard kubmetr təşkil edəcək. Ancaq siyasi baxımdan Avropa Azərbaycan qazına birbaşa çıxış əldə etməklə “Qazprom”a təzyiq rıçaqları əldə edir. Axı gələcəkdə “Cənub dəhlizi” ilə Azərbaycanla yanaşı Türkmənistan qazının da Avropaya nəqli planlaşdırılır. Həmçinin gələcəkdə qaz Yaxın Şərq regionundan Türkiyə vasitəsilə Avropaya nəql oluna bilər.
Azərbaycanın simasında Rusiyaya qarşı “kozır” əldə edən Avropa İttifaqı daha da irəli gedərək Azərbaycanın Rusiya kəmərinə də qoşulması şərtini irəli sürür. Belə ki, Azərbaycan “Cənub axını”na qoşulsa, o zaman kəmər Rusiyanın inhisarında olmayacaq.
Rusiyanın enerji məsələləri üzrə ekspert çevrələrində Avropa Komissiyasının “Qazprom”a təzyiq cəhdlərini və Azərbaycanı “Cənub axını”ına qoşmaq niyyətlərini nəzərdə tutaraq sual edirlər: görəsən, dekabrın sonlarında və yanvarın əvvəllərində Rusiya ilə Azərbaycan arasında neft-qaz sahəsində meydana çıxan problemlər bununla bağlı deyil ki?
Söhbət ondan gedir ki, Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neft nəqlini dayandırıb və Rusiyanın “Transneft” şirkəti kəmərin Mahaçqala-Şirvanovka (Azərbaycan sərhədi) hissəsini konservasiya edib. Bunun ardınca Azərbaycan Rusiyaya qaz nəqlini dayandırıb. Səbəb kimi Rusiya sərhədi yaxınlığında avtomobil yolunda aparılan təmir işləri göstərilib.
Rusiyalı analitiklərə görə, Avropa İttifaqının “Qazprom”u sıxmaq cəhdinin arxasında həm də “Cənub axını” layihəsi ətrafında vəziyyəti gərginləşdirmək və mümkün olsa, Rusiya qazının qiymətini aşağı salmaq niyyətləri dayana bilər.
Lakin Rusiya tərəfinin Avropa Komissiyasının irəli sürdüyü şərtləri qəbul etməyəcəyinə dair mövqeyindən sonra tərəflər kompromisə gəlməyə çalışırlar. Ötən həftə Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Günter Ottinger Moskvaya səfər edib. O, Rusiyanın energetika naziri Aleksandr Novakla görüşüb. Xəbərlərə görə, Moskva danışıqlarından sonra Avropa Komissiyası irəli sürdüyü şərtlərdə inadkarlıq göstərməyin perspektivsiz olduğunu başa düşüb və tərəflər arasında “konstruktiv irəliləyişlər” əldə edilib.
Hazırda Rusiya bir vaxtlar “Nabucco”ya alternativ kimi irəli sürdüyü “Cənub axını” kəməri layihəsini həyata keçirməkdədir. Moskva layihənin bütün iştirakçı ölkələrinin dəstəyini alıb. Bir neçə ay əvvəl kəmərin Bolqarıstanla Serbiyanı birləşdirən növbəti hissəsinin tikintisi başlayıb. Macarıstan da kəmərin öz ərazisindən keçən hissəsini tikməyə söz verib. “Cənub axını” kəməri ilə Qara dənizin dibindən keçməklə Mərkəzi və Cənubi Avropaya ildə 63 milyard kubmetr qaz nəql edilməlidir.
Rusiyada hesab edirlər ki, əgər məsələyə obyektiv baxılsa, bu kəmər avropalılara lazımdır. Çünki Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir.
O zaman Avropa Komissiyası niyə qəfildən təkərin altına daş dığırlamaq istəyir?
Ekspertlərin qənaətinə görə, səbəb Azərbaycanın da bu kəmərə çıxışını təmin etmək ola bilər. Görünür, söhbət ondan gedir ki, TANAP və TAP kəmərləri ilə Avropanın cənubuna, İtaliyaya nəql olunacaq Azərbaycan qazı sonradan “Cənub axını”nın qolları vasitəsilə Mərkəzi Avropaya da nəql edilsin. Yaxud nəzəri baxımdan Azərbaycan qazının “Cənub axını”ına Qara dənizin Türkiyə sahillərində də “birləşməsi” mümkün ola bilər.
Qeyd edək ki, ötən həftə prezident İlham Əliyev Azərbaycanın liderliyində həyata keçirilən “Cənub qaz dəhlizi” layihəsinin gərgin proseslərdən sonra baş tutduğunu bildirib. Prezident ANS şirkətlər qrupunun təsis etdiyi “İlin adamı” mükafatının ona təqdim olunması mərasimində bildirib ki, “Şahdəniz-2” layihəsi gərgin şəraitdə imzalandı və Azərbaycan ictimaiyyətinin bu layihə ilə bağlı risklərin böyük əksəriyyəti barədə məlumatı yoxdur.
“İctimaiyyət əlbəttə ki, bir çox məsələlər haqqında məlumatlı deyil. Çünki bildiyiniz kimi, bu məsələ kifayət qədər bağlı qapılar arxasında həll edilirdi. Ancaq yalnız bir şeyi deyə bilərəm ki, “Şahdəniz-2” layihəsinin imzalanması son həftəyə qədər hələ də sual altında idi. Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi də müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər də hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq bəlli deyildi. Ancaq bir şeyi qeyd etməliyəm ki, Azərbaycan və onun tərəfdaşları bütün səyləri birləşdirərək bu tarixi layihənin imzalanmasına nail oldular” - deyə İlham Əliyev bildirib.
Prezident Bakı mərasimini poza biləcək təhdidlərin haradan qaynaqlandığını açıqlamasa da istiqamət məlumdur. Rusiya Avropanın Azərbaycanın simasında alternativ qaz təchizatı mənbəyinə malik olmasını son ana qədər istəmirdi...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?