Ukrayna ətrafında yaranmış situasiyadan sonra Avropa İttifaqı Rusiya qazından asılı olmaqdan yaxa qurtarmaq üçün bütün iqtisadi, siyasi və inzibati rıçaqlarını işə salıb. Bir tərəfdən, Avropa Komissiyası Azərbaycan və Türkmənistan qazının Rusiyadan yan keçməklə nəqlini nəzərdə tutan “Cənub dəhlizi” proqramını dəstəkləyib, digər tərəfdən isə Avropa İttifaqının (Aİ) bu orqanı Rusiyanın “Cənub axını” qaz kəməri layihəsinin həyata keçirilməsini əngəlləməyə çalışır. Bəs Azərbaycan qazı Avropanın Rusiya qazından asılılığa azaltması üçün kifayət edə bilərmi? Türkmənistan qazının Azərbaycan üzərindən və Rusiyadan yan keçməklə Avropaya nəqli imkanları nə dərəcədə realdır? Əldə etdiyimiz xəbərə əsasən, getdikcə daha çox siyasi və geosiyasi mahiyyət kəsb edən bu enerji layihələri ilə bağlı Rusiyanın “Svodbodnaya pressa” internet nəşri ekspertlərlə araşdırma aparıb. Milli Energetika Təhlükəsizliyi Fondunun direktor müavini Aleksey Qrivaçın sözlərinə görə, bu gün beynəlxalq qaz axınları elə formalaşıb ki, Azərbaycan qazı ancaq Şimali Afrikadan Avropaya nəql edilən qazın həcmindəki azalmanı kompensasiya edə bilər. Ekspertin sözlərinə görə, “Cənub qaz dəhlizi”inin ən tezi 2019-cu ildə işə salınması nəzərdə tutulur. Onun birinci hissəsi TANAP kəməri olacaq və Gürcüstanla Türkiyədən keçəcək. Daha sonra TAP kəmərinə birləşərək İtaliyanın cənubuna qədər uzanacaq. “Oradan isə artıq mövcud olan şəbəkə vasitəsilə qaz Fransaya və Qərbi Avropaya nəql oluna bilər. Ancaq bu dəhlizlə qaz nəqlində layihə parametrlərinə 2022-ci ildən tez nail olmaq mümkün olmayacaq. Hansı ki, bu kəmərin maksimal ötürücülük qabiliyyəti ilə 10 milyard kubmetr olmalıdır. Çox güman ki, bu həcmdə qazın kəmərlə nəqli nəzərdə tutulandan da gec mümkün olacaq” - deyə A.Qrivaç bildirib. Ancaq ekspertin qənaətinə görə, Azərbaycan qazı Avropanın Şimali Afrikadan nəql etdiyi qazda azalmanı kompensasiya edəcək. Belə ki, hazırda Liviya qaz hasilatını azaldır, Əlcəzair qaz nəqlini Çinə yönəldir. “Afrika qazının azalması yaxın 1-2 ildə hiss olunacaq. Azərbaycan qazı isə Avropaya tam həcmdə 8-10 il sonra çatacaq. Yəni Rusiyanın Avropa qaz bazarındakı mövqelərinə bu layihənin heç bir təsiri mümkün deyil” - deyə Qrivaç bildirib.Rusiyanın Milli Energetika İnstitutunun direktoru Sergey Pravosudov isə deyir ki, “Cənub qaz dəhlizi” ilə 2020-ci ildən sonra Türkiyəyə ildə 16 milyard kubmetr qaz nəql etmək nəzərdə tutulur. Onun 6 milyard kubmetrini Türkiyə özü istifadə edəcək. 10 milyard kubmetri isə Ankara Yunanıstan və Albaniyadan keçməklə İtaliyanın cənubuna ötürəcək. “Lakin Türkiyənin özündə qaza tələbat sürətlə artır, yanacaq orada çox bahadır. Ankara öz daxili tələbatını tam ödəmədən Avropaya heç nə ötürməyəcək. Yəni həmin 16 milyard kubmetrdən çox az bir hissəsi 10 ildən sonra Avropaya çata bilər”, - deyə S.Pravosudov bildirib. Ekspert deyir ki, Liviyada qaz hasilatı sürətlə azalır, Əlcəzairdə isə daxili tələbat artdığı üçün ixraca verilən qazın həcmində azalma baş verir. “Avropa İttifaqının ümidi ancaq Azərbaycanın qaz yataqlarınadır, hansı ki, onları işə salmaq üçün çox vaxt lazımdır. Eyni zamanda imkanları məhduddur. Türkmənistan qazının Azərbaycan üzərindən nəqli barədə isə çoxdan danışılır. Ancaq bu layihənin baş tutması siyasi səbəblərə görə mümkün deyil. Aşqabad bütün qaz ixracını Çinə yönəldib. Xəzərin statusu müəyyən olunmadığına görə onun dibindən qaz kəmərinin çəkilməsi real deyil. Ona görə də Azərbaycanın “Şahdəniz” yatağından başqa Avropanın heç bir ümidi yoxdur. Xəzər dənizinin cənub hissəsində yeni yataqlar kəşf olunsa da Azərbaycan, İran və Türkmənistan arasındakı mübahisələrə görə bu yataqlarda hasilata pul qoymaq istəyən olmayacaq” - deyə S.Pravosudov fikirlərini tamamlayıb. ELDAR
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?