Milli komandanın və “Bakı”klubunun futbolçusu Rauf Əliyev Premyer Liqada çıxış edən legioner futbolçular barəsində maraqlı fikirlər səsləndirib. Rauf Əliyev azerisport.az saytına müsahibəsində “Qarabağ” və “Neftçi”nin futbolçuları, yarımmüdafiəçilər Reynaldo və Flavinyonun millimizdə çıxış etmək istəyinə öz münasibətini bildirib:
- Reynaldo və Flavinyo dəfələrlə Azərbaycan pasportu almaq və millimizdə çıxış etmək arzusunu bildiriblər. Yığmanın oyunçusu kimi, siz bu haqda nə düşünürsünüz?
- Mən onların yığmada çıxışının əleyhinəyəm. Heç vaxt milliləşmənin tərəfdarı olmamışam. Həmişə milli komandada azərbaycanlıların oynamasını istəmişəm. Əgər sabah Messi Və Ronaldo Azərbaycan yığmasında oynamaq istəsə, mən öz fikrimdə qalacağam.
- Doğrudanmı belə müdafiəçilərin olması, hücumda oyununuzu asanlaşdırmayacaq?
- Ola bilsin ki, mən onların ötürmələrindən daha çox qol vuracağam. Ancaq məsələ, bunda deyil. Mən razıyam ki, onlar Azərbaycan çempionatının tarixi ərzində ən yaxşı legionerlərdəndirlər. Ancaq yığmada eyni qandan olan adamlarla çiyin-çiyinə çıxış etmək istəyirəm. Axı bu, milli komandadır.
- Yığmanın qarşısında AÇ-2016-nın final mərhələsinə çıxmaq tapşırığı qoyulub. Heç nəyə baxmayaraq, heyətdə belə ustalarla buna nail olmaq asan olmazdımı? AÇ-də çıxış etmək üçün belə bir istisnaya yol vermək olmaz?
- Demək çətindir. Premyer Liqada onlar yaxşı çıxış edirlər. Ancaq onların beynəlxalq arenada eyni ilə uğurlu çıxış edəcəyinə kim təminat verə bilər? Bu, “Rəvan” və “Sumqayıt”a qol vurmaq deyil ki... Orada dəfələrlə çətindir.
- Demək, “əsl” azərbaycanlıların bu nəticəyə nail olacağına ümid etmək qalır...
- Biz asan qrupa düşməmişik. Heç nə vəd verə bilmərəm. Mübarizə aparacağıq. Görək, bundan nə çıxır.
- Heyətdə Reynaldo olsaydı, siz yəqin ki, əminliklə danışardınız, hə?
(Gülümsəyir) Mən diqqət etdim ki, siz bu futbolçunun maraqlarını var qüvvənizlə qoruyursuz. Düzünü deyim, bu, mənən xoş deyil. Mən istərdim ki, bizim jurnalistlər yerli oyunçuları dəstəkləsinlər.
- Növbəti mərhələdə dördüncü yerə sevinmək istəməzsiz?
- Məsələn, Türkiyədə gördüm ki, mətbuat öz futbolçularını dəstəkləyir və milliləşmənin əleyhinə çıxış edir.
- Gəlin, iki ölkənin futbolçularının səviyyəsini müqayisə etməyək. Həmçinin, orada heç də bütün jurnalistlər milliləşdirmənin əleyhinə deyil.
- Bəli, onlar səviyyəcə yüksəkdir. Ancaq biz inkişaf etmək üçün oynamağa davam etməliyik. Daha öz yerimizi xaricilərə verməli deyilik. Reynaldo yaxşı futbolçudur. Ancaq unutmayın ki, istisnasız olaraq, bizim legionerlərimizin hamısı üçün ilk mövsüm əla keçir. Bəs sonra? Flavinyoya baxın. Axı o, iki il əvvəl olduğu kimi oynamır. Reynaldonun da belə olacağı istisna deyil. Heç kimi milliləşdirmək lazım deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?