Bakıda avtobusun vurduğu Avstriya idmançısı Vanessa Sahinoviç qəzadan sonra ilk dəfə müsahibə verib. ANS PRESS-in məlumatına görə, Avstriyanın ORF telekanalı iflic olmuş üzgüçü haqda sujethazırlayıb. Telekanalın məlumatına görə, 11 iyun 2015-ci il tarixində Vanessanın həyatı bir göz qırpımında dəyişib. Avropa oyunları açılışına bir gün qalmış Vanessa və onun daha iki komanda yoldaşını avtobus vurub. İnsident zamanı sağ ayağı zədələnən Luna Payer və sınıq xəsarətləri alan Verena Braytdan fərqli olaraq Vanessa Sahinoviçin aldığı zədələr daha ağır olub. Onurğa sütunundan ciddi zədə alan Sahinoviç koma vəziyyətində təcili olaraq Vyanaya göndərilib və burada 15 yaşlı idmançını əməliyyat ediblər. Bir neçə ağır cərrahiyə əməliyyatı keçirən və komadan çıxan Sahinoviç hazırda əlil arabasına məhkumdur. Sahinoviçin sözlərinə görə, o, Bakıdaki dəhşətli anı xatırlamır. “Mən nəyin baş verdiyini bilmirdim. Ayılanda məşqçinin mənə yardım göstərməyə çalışdığını gördüm və ondan nəyin baş verdiyini soruşanda o mənə bizim avtobus altına düşdüyümüzü dedi”, - deyə Vanessa ORF telekanalına müsahibəsində bildirib. Ayaqları iflic olan 15 yaşlı idmançı, ona paraplegiya diaqnozu qoyulmazdan əvvəl xəstəxanada olarkən aşağı əzalarını hiss etmədiyini deyir: “Bu çox çətindir. Mən köhnə həyatımı unutmalıyam, hər şeyi yenidən başlamalıyam.” Lakin buna baxmayaraq Sahinoviç çox optimistdir. “Hesab edirəm ki, hər bir insanın həyatında çətin mərhələ olur, gec tez bu baş verir”, - deyə qız öz fikirlərini bildirir. Hazırda bərpa kursu keçən üzgüçü reabilitasiya zamanı səbrli olmağın vacibliyindən danışır: “Hər şey addım-addım baş verir, əgər sizin məqsədiniz varsa, siz mütləq ona nail olacaqsınız.” Gələcəyə optimizmlə baxan Sahinoviçin ən böyük arzusu evə qayıtmaqdır. “Yaxın zamanda evə qayıtmaq və orda maneəsiz hərəkət etmək istəyirəm. Kim bilir bəlkə də hovuzlu evimdə yenidən üzə biləcəm...” Avstriyanın AUVA reabilitasiya mərkəzində xüsusi terapiyadan keçən Vanessanın gənc həmkarı Kira Grünberqədə əlavə motivasiya verəcəyi ehtimal edilir. Dəhşətli təsadüf ücbatından bu mərkəzdə daha bir Avropa oyunları iştirakçısı müalicə alır. İlk Avropa oyunlarının qalibi Kira Grünberg bu ilin iyulun 30-da növbəti yarışlara hazırlaşan zaman yıxılaraq onurğa sütünunu zədələyib. Vanessadan fərgli olaraq Kiranın boyundan aşağı bütün bədəni iflic olub. İndi Avstriyada Vanessa və Kiraya yardım etmək üçün xeyriyyə aksiyası keçirilir. Aksiyanın məqsədi hər iki idmançının bərpa olunması üçün 100 000 avro yığmaqdır. Vanessa Sahinoviç Bakıya Birinci Avropa oyunlarında iştirak etmək üçün gəlmişdi. İyunun 11-i Avstriyadan olan sinxron üzgüçülük üzrə komandanın 3 üzvü idmançıların daşınması üçün nəzərdə tutulan avtobus tərəfindən vurulub. Hadisəyə səbəb sürücünün idarə etməni itirməsi göstərilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib. Sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb. Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulmuş və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Prosessual araşdırmalar çərçivəsində, həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən "Bakubus" Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılıb. İyunun 12-dən 28-dək Azərbaycanda keçirilən Avropa Oyunlarında 20 növ idman növündə idmançılar 253 dəst medal uğrunda mübarizə aparıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?