Qış fəslində dünyanı "donuz qripi" təhlükəsi bürümüşdüsə, yay yaxınlaşdıqca cənub yarımkürəsi ölkələrində yayılan ZİKA virusunun daha böyük miqyasda insanlara keçməsi gözlənilir. Belə ki, ZİKA virusu ağcaqanadlar vasitəsilə keçir. Yayda ağcaqanadların çoxaldığını nəzərə alsaq, təhlükə hər keçən gün yaxınlaşır.
Eyni zamanda 2016-ci ildə Yay Olimpiya Oyunları ZİKA virusunun ən çox yayıldığı Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə idmançı və turistin də axın edəcəyi bu şəhərdə onların ZİKA virusuna yoluxması və ölkələrinə qayıtdıqdan sonra orada xəstəliyin yayılması ehtimal edilir. Yay Olimpiya Oyunlarına azərbaycanlı idmançılar da qatılacaq. Bu virusdan qorunmaq üçün nələr edilməlidir?
Milli.Az bildirir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov modern.az-a açıqlamasında deyib ki, ZİKA virusuna qarşı heç bir peyvənd olmadığı üçün insanlar özlərini ağcaqanadlardan qorumalıdır.
"Hələlik virusa qarşı peyvənd və ya müalicə yoxdur. İdmançılarımız və ya ora gedəcək azarkeşlər özlərini ağcaqanadlardan qorumalıdır. Bunun üçün fərdi qoruyucu vasitələr, kremlərdən istifadə edilməlidir. Yatanda miçətkəndə yatmalıdırlar".
S.Məmmədov qeyd edib ki, ZİKA virusunun əlamətləri qripin əlamətlərinə oxşardır.
"Bu virusun yaratdığı böyük təhlükə hamilə qadınlarda ortaya çıxır, belə ki, ZİKA virusuna yoluxmuş hamilə qadının uşağının baş ölçüləri balaca olur. Hələlik virus əleyhinə müalicə yoxdur. Yoluxmuş insanlara sadəcə orqanizmi möhkəmləndirən dərmanlar verilir".
Şöbə müdiri qeyd edib ki, oyunlar ərəfəsində Braziliyaya gedib-gələnlər özlərində yüksək qızdırma, halsızlıq müşahidə edərsə, yoxlanmalıdırlar.
"Bu günə qədər Azərbaycanda belə hala rast gəlinməyib. Lakin insanlar yenə də özlərini qorumalıdır".
Sorğu
Yeni dizaynımız necədir?