Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək milli komandanın üzvləri və məşqçi heyəti ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, R.Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin hər zaman idmana və olimpiya hərəkatına göstərdiyi diqqətin dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Federasiya prezidenti Rio olimpiadasında ölkəmizi təmsil edəcək 6 cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib.
ACF-nin vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli çıxış edərək əsas milli komandamızın son 9 ay ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, Avropa çempionatı, "Böyük Dəbilqə" və "Qran-Pri" turnirlərindən vətənə medallarla qayıtdıqlarını vurğulayıblar.
Vitse-prezident Sadıq Sadıqov ötən bu dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Baş məşqçi Piter Zayzenbaher və millinin kapitanı Elxan Məmmədov onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, ölkəmizi Rio Yay Olimpiya Oyunlarında 6 cüdoçu - Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66kq), Rüstəm Orucov (73kq), Məmmədəli Mehdiyev(90kq), Elmar Qasımov(100kq) və Kokauri Uşangi (100+kq) təmsil edəcək. Cüdoçularımız avqustun 19-dan 25-dək Almaniyanın Berlin şəhərində olimpiadaya təlim-məşq toplanışını davam etdirəcəklər. Avqustun 25-də isə cüdo üzrə milli komandamızın üzvləri Berlin-Paris-Rio reysi ilə Braziliyaya gedəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?