Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"la qarşılaşan "Sumqayıt" ikisi penaltidən olmaqla qapısından 6 top buraxıb ki, bunda qapıçı Fərhad Vəliyevin kobud səhvləri də danılmazdı.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, oyundan sonra sualları cavablandıran qolkiper xətalarını etiraf edib.
- "Sumqayıt"ı bu qədər aciz görməmişdik. Komandanın zəif oyunu və böyükhesablı nəticənin səbəbi nədir?
- Danışmağa, söz deməyə ehtiyac yoxdu. Həm "Qarabağ"ın gücü ortadadı, həm də biz komanda şəklində düzgün oynaya bilmədik. Startda hücumda yaxşı oynadıq, hətta hesabı açmaq imkanımız da var idi. Sonra həm yarımmüdafiədə, həm də müdafiədə uşaq səhvlərinə yol verdik və nəticədə qollar buraxdıq.
- Qapınıza təyin edilən penaltidə hakim nə dərəcədə ədalətli qərar qəbul etdi?
- Epizod mənim gözümün qarşısında baş verdi. Top arxadan Railin əlinə dəydi. Hakimin qərarı belə oldu. İkinci penalti vəziyyəti isə təmiz qərar idi.
- Hesab 0:0 olarkən "Sumqayıt"ın hücumu zamanı futbolçularınız hakimdən penalti qərarı gözlədilər. Komanda yoldaşlarınızdan həmin epizodla bağlı söhbətiniz oldumu?
- Epizod mənə uzaq idi. Uşaqlardan soruşdum, dedilər ki, arxadan itələmə var idi. Hakim ola bilsin ki, bunu simulyasiya kimi görüb, davam qərarı verib. Ümumilikdə, çox zəif çıxış elədik. Bu matçı yaddan çıxarmaq lazımdı. Çünki "Zirə" ilə qarşıdakı çempionat görüşünə hazırlaşmalıyıq.
- Hakim səhvlərinin həlledici olduğunu düşünmürsünüz?
- Xeyr, hakimlik bir şey yox idi. Həm də "Qarabağ" çox güclü komandadı.
- Qeyri-stabil çıxışınız nə ilə əlaqədardı? Sizin də səhvləriniz oldu...
- Bunu mən də axtarıram, təhlil edirəm. Çünki bu gün mənim də səhvlərim var idi. Çalışacağıq çatışmazlıqların üzərində işləyib, bu görüşü unudaq.
- Bəlkə bütün diqqətinizi çempionata yönəltdiyiniz üçün kubokda belə böyükhesablı məğlubiyyətə düçar oldunuz?
- Avrokuboklara ən yaxın yol kubokdan keçir. Bunu bilirik. Biz də irəliləmək istəyirdik. Belə nəticə gözləmirdik, amma bu, baş verdi.
- Kuboku qazanmağa namizədlər də çoxdu...
- Əlbəttə, güclü komandalar çoxdu. Biz artıq bütün fikrimizi çempionatda "Zirə" ilə evdə keçirəcəyimiz oyuna cəmləyəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?