Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının qərarına əsasən, 2018-ci ildə Formula 1 Dünya Çempionatı rekord sayda - 21 mərhələdən ibarət olacaq. Bu və bir sıra digər amillər nəzərə alınaraq, yarış təqvimində ciddi dəyişikliklər edilib. Təqvimə görə, Bakıda keçiriləcək 2018 Formula 1 Azərbaycan Qran Prisi 4-cü mərhələdə baş tutacaq. Əvvəlki 2 illə müqayisə etsək, görərik ki, Azərbaycan Qran Prisinin vaxtı xeyli əvvələ çəkilib və yarış aprelin 27-29-na planlaşdırılıb.
Bəziləri hesab edir ki, Formula 1 yarışlarının vaxtının builkindən az qala 2 ay əvvələ çəkilməsi həm hava, həm də hazırlıqlara Novruz bayramı ərəfəsində başlanması baxımından təşkilatçılara müəyyən çətinliklər yarada, eləcə də tamaşaçıların sayına mənfi təsir göstərə bilər. Ardıcıl 2 ildir Bakıdakı F1 yarışlarına ev sahibliyi edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bununla bağlı Milli.Az-ın sualını cavablandıraraq deyib ki, təqvimin dəyişməsi ciddi heç bir problem yaratmayacaq. Onun sözlərinə görə, bu ilkin təqvimdir və dəyişə də bilər: "Biz həmişə bilirik ki, əvvəlcə ilkin təqvim tərtib edilir. Yəni Formula 1 üzrə Dünya çempionatının təqvimi dəyişə bilər. Amma dəyişməsə belə, bu, bizim üçün problem deyil və biz də hazırlıqlarımızı o təqvimə və plana uyğun uyğun quracağıq. Məsələn, infrastruktur baxımından elə qurğular var ki, ola bilsin ki, sökülməsin və gələn ilə saxlanılsın. Sadəcə işimizə daha tez başlayacağıq. Ümid edirik ki, hava baxımından da problemimiz olmayacaq. Çünki apreldə Bakıda havalar daha küləkli olur. Amma yenə də düşünürük ki, bu da ciddi əngəl olmayacaq". N.Arpadai hesab edir ki, trasla bağlı hazırlıqlara Novruz bayramı ərəfəsində başlanması da çətinlik törətməyəcək: "Sadəcə yeni şəraitə uyğunlaşmalı olacağıq. Hər il istənilən yeni tarix ola bilər. Ona görə də işimizi elə quracağıq ki, hər hansı problem olmasın". Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "f1news.ru" saytına müsahibəsində bildirib ki, təqvimdə Formula 1 üzrə Azərbaycan Qran Prisinin vaxtının dəyişməsi yarışın keçirilməsinə və onu izləməyə gələn tamaşaçıların sayına ciddi təsir göstərməyəcək:
"Kimə ki, yarış maraqlıdır, indi isə o çoxlarına maraqlıdır, bu mane olmayacaq. Hava şəraitinin yaxşı olmadığı Kanadada və ya Silverstounda bu qədər yarış keçirilir. İngiltərədə yayda havanın temperaturu həm 10, həm də 30 dərəcə isti ola bilər. Çempionatda da dəyişkən havalı çoxlu mərhələlər var.
Aprelin sonunda Bakıda heç də pis hava olmur. Yaxşı istirahət günlərində bizdə temperatur 23, 24 dərəcə isti, hava günəşli və aydın olur. Əlbəttə ki, müəyyən risklər var və onlar iyundakından daha yüksəkdir, amma mən düşünmürəm ki, bu tamaşaçıların mərhələni ziyarət etmək istəyinə güclü təsir göstərəcək"./ölkə.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?