Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.
Təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” ilə qarşılaşır. Əslində Tiflisdəki səfər görüşü formal xarakter daşıyır. Buna səbəb ilk oyunun nəticəsidir. Bakıda qonaqların qapısından 5 cavabsız qol keçirən Ağdam klubu demək olar ki, cütün taleyini həll edib.
Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələrinin qarşısında yenə çətin vəzifə durur. Gürcüstan çempionu ilə ikinci görüşü zədə və cəzasız başa vurmaq, üstəlik reytinq savaşı aparmaq lazımdır.
Bu matçdakı qələbə həm ölkəmizin reytinqi, həm də “Qarabağ”ın öz imici üçün önəmlidir. Bu səbəbdən çempionumuz rəqib meydanına Azərbaycanın hesabına daha 0,250 xal əlavə etmək üçün çıxıb.
Hazırda keçirilən oyun gərgin idman mübarizəsi şəraitində davam edir. İlk dəqiqələrdə meydan sahibləri fəallıq göstərsələr də "Qarabağ" tezliklə təşəbbüsü ələ alıb və cərimə zərbəsindən hesabı açıb. Qolu matçın 22-ci dəqiqəsində "Qarabağ"ın haitili legioneri və yeni transferi Donald Gerye vurub. Komanda ilə ikinci rəsmi matçına çıxan futbolçu artıq 2 qola imza atıb.
Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunu 18 iyul “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1 Qol: Gerye, 22
Baş hakim: Srcan Yovanoviç Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya) UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya) Hakim-inspektor: Laslo Vaqner (Macarıstan) Tiflis. Boris Payçadze adına “Dinamo Arena” İlk oyun – 0:5
Sorğu
Yeni dizaynımız necədir?