Son illərdə Azərbaycanda məşhurlaşan idmanın karate növü Azərbaycan Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra çətin vəziyyətə düşüb. İdmançılar 1 ilə yaxındır ki, maaş üzünə həsrətdirlər.
Azərbaycan Karate Federasiyasının rəhbərliyi maliyyə məsələsində də çətinliyə düşüb. Karateçilərimiz Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) ümidinə qalsa da, maddi yardım ayrılmır. AGİN-in karateçilərimizə diqqət ayırmaması hətta onların məşq etməsinə də mane olur. Beynəlxalq Bankın sponsorluq etdiyi zamanlarda “İnter Arena”da hazırlıq keçən komanda artıq buradan da məhrum olub. Arenanın sahibləri icarə haqqını vermədiyi üçün karateçilərimizin orada məşq etməsini qadağan edib. Nazirlik federasiyaya sponsor tapacağını bildirsə də, bu məsələyə də diqqət ayırmır. Hətta karateçilərimizin əksəriyyəti fərdi şəkildə məşq edir. Bəziləri isə yalnız xarici ölkələrdə keçdikləri seminarlardan pul alırlar. Kim bu seminarlara gedə bilirsə, müəyyən məvacib əldə edir. Əksəriyyət belə seminarlara qatılmağa da imkan tapmırlar. Maliyyə çətinlikləri üzündən hətta komanda bir ara da məşqçisiz qalmışdı. Rəhman Hətəmov həm federasiyanın vitse-prezidenti idi, həm də komandaya baş məşqçilik edirdi. Hazırda çətin vəziyyətdə olan idmançılar bu durumdan çıxmaq üçün yollar axtarırlar. Qeyd edək ki, karate 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilib./qafqazinfo
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?