Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz çıxış etdiyi Türkiyənin "Bursaspor" klubundan 1 milyon lirə (təqribən 472 min manat) borcunu hədə yolu ilə alıb.
Məlumata görə, 29 yaşlı hücumçu "Adanaspor"la ölkə kubokunun cavab oyunundan sonra öz klubuna xəbərdarlıq edib.
Borcunun bir gün ərzində ödənilməsini tələb edən Yılmaz əks təqdirdə, müqaviləsini birtərəfli qaydada pozaraq, azad agentə çevriləcəyini bildirib. Maliyyə feyr-pleyi məsələsində problemlə üzləşməmək üçün hərəkətə keçən "Bursaspor" rəhbərliyi kassasında pul olmadığı üçün dərhal nəğd pul axtarışına başlayıb. Klub axşam saatlarında həmin vəsaiti tapmağa müvəffəq olub və futbolçuya ödəyib. "Timsahlar"ın prezidenti Ali Ay onsuz da maddi problemlər yaşadıqları bir vaxtda Yılmazın belə bir hərəkəti tutmasına qəzəblənib.
Ötən həftə "Bursaspor" rəhbərliyi komandanın məşqçi heyəti və futbolçularla görüş keçirərək, əmək haqqı ödənişlərinin 2 ay gecikmə ilə ödənişinə dair razılığa gəlib. Bundan bir neçə gün sonra təcrübəli forvardın hədə üsulunu seçməsini görən klub onunla 31 may 2019-cu ilədək nəzərdə tutulan müqaviləni qış fasiləsində pozmaq fikrinə düşüb.
Qeyd edək ki, Deniz Yılmaz "Bursaspor"un "Adanaspor"u 2:0 hesabı ilə yendiyi son oyunda 90 dəqiqə meydanda olub. Lakin o, imkanlarından xeyli aşağı səviyyədə çıxış edib. Yılmaz Azərbaycan millisinin son oyunlarına çağırılmayıb.|report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?