Belarusun paytaxtı Minskdə boks üzrə qitə birinciliyi davam edir
Belarusun paytaxtı Minskdə boks üzrə Avropa çempionatı davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının 8 üzvü 1/4 finala vəsiqə qazanıb. Boksçularımızdan ilk olaraq rinqə 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev çıxıb. Həmyerlimiz 2009-cu ilin dünya çempionu təcrübəli Detelin Dalakliyevi məğlub edib. Hər 3 hakim İsayevə üstünlük verib – 29:28, 29:28, 30:27. Millimizin üzvü 1I4 finalda Avropa çempionatının gümüş mükafatçısı Dmitri Polyanski ilə qarşılaşacaq.
Avropa çempionu Salman Əlizadə qitə çempionatında ilk görüşdə qələbə qazanıb. O, İsrail idmançısı David Albridanı məğlub edib. Hər 3 hakim 30:27 hesabı ilə Əlizadəyə üstünlük verib. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Dato Nanava ilə üz-üzə gələcək.
Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da (91 kq) turnirdə ilk qələbəsini qazanıb. O, Xorvatiya idmançısı Marko Kaliçdən üstün olub. – 30-27, 30:27,30:27. Teymur 1/4 finalda irlandiyalı Tomas Makkarti ilə münasibətlərinə aydınlıq gətirəcək.
Tamerlan Abdullayev (69 kq) Belarusda ikinci qələbəsini qazanıb. Boksçumuz bu dəfə Yunanıstan təmsilçisi Pavlos Tsaqrakosu çətinlik çəkmədən yenib. Abdullayevin 1/4 finalda rəqibi rusiyalı Aleksandr Besputin olacaq.
2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov da adını 1/4 finalçılar sırasına yazdırıb. Təcrübəli boksçumuz Pekin Olimpiadasının bürünc mükafatçısı Vyaçeslav Qojan üzərində qələbə qazanıb. Samir ən azı bürünc medalı özünə təmin etmək üçün 1/4 finalda Ermənistan boksçusu Aram Avaqyanı məğlub etməlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?