Avroliqanın II təsnifat mərhələsində «Makkabi»yə (İsrail) biabırçı hesabla məğlub olan «Xəzər Lənkəran»da baş verənlərlə bağlı virtualaz.org-da məlumat vermişdik. Həmin yazıda vurğulamışdıq ki, Lənkəran klubunun 0:8 hesablı məğlubiyyəti klubda gedən pərdəarxası oyunların təzahürüdür.
Sonradan bu versiya klub rəhbərliyi tərəfindən də təsdiqləndi və komandada müəyyən «təmizləmə» əməliyyatı aparıldı. Ancaq bu «təmizləmə» «Xəzər Lənkəran»ın oyununa elə də ciddi təsir göstərmədi. Artıq çempionatda iki tur arxada qalıb, «ağ-yaşıllar» isə hələ də qələbə qazana bilməyib. Təbii ki, belə nəticə 10 illik yubileyində çempionluğu hədəfləyən bir komanda üçün qənaətbəxş sayıla bilməz.
«Xəzər Lənkəran»ın sahibi və fəxri prezidenti Mübariz Mənsimov bununla bağlı ciddi addımlar atmağı düşünür. Əldə etdiyimiz məlumata görə, Mənsimov «Xəzər Lənkəran»ı yenidən rumın çalışdırıcı Mirça Rednikə həvalə etmək istəyir. Mirca Rednik Lənkəranda olduqca populyar şəxsdir. Cənub klubu onun rəhbərliyi altında Azərbaycan kubokunu qazanmış, çempionatda isə 2-ci yeri tutmuşdu. Amma rəhbərlikdə təmsil olunan bir neçə şəxs bəzi futbolçularla əlbir olaraq Rednikin komandadan qovulmasına nail olmuşdular.
«Xəzər Lənkəran»ın çöküşü elə həmin vaxtdan başlayıb və artıq kritik həddə çatıb.
Vəziyyətin çıxılmaz olduğunu görən Mübariz Mənsimov yenidən M.Redniklə əlaqə qurub. Əldə etdiyimiz məlumata görə, rumın məşqçini Lənkərana gəlməyə razı salmaq o qədər də asan olmayıb. Rednikin Rumıniyanın adlı-sanlı klublarından olan CFR-lə müqaviləsi olduğundan məşqçi əvvəlcə Lənkərana gəlməyə razılıq verməyib. Amma Mübariz Mənsimovun ona fantastik təklifi hər şeyi dəyişib.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, Rednikə illik 700 min dollarlıq müqavilə təklif olunub. «Xəzər Lənkəran» bu mövsüm çempion olacağı təqdirdə isə çalışdırıcı 300 min dollar da mükafat alacaq. Üstəlik Mənsimov Rednikə 5 bahalı transfer də söz verib. Transferlərdən 2-si indi, 3-ü isə qışda həyata keçiriləcək.
Məhz belə fantastik təklifdən sonra Mirça Rednik fikrini dəyişib və artıq CFR-lə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Bizdə olan məlumata görə, Rednik buna görə kluba kompensasiya da ödəyib. Bununla belə, Rednikin Lənkərana gəlişi hələ bir müddət yubanacaq. Çünki «Xəzər Lənkəran»ın dünya şöhrətli məşqçi Con Toşakla müqaviləsi var. Toşakı göndərmək üçün ona kompensasiya ödəmək lazımdır. Virtualaz.org-un əldə etdiyi məlumata görə, Toşak müqavilədə tələb olunan məbləğin tam şəkildə ödənilməsini tələb edir.
Rəhbərlik isə bununla razılaşmır. Bu yöndə danışıqlar davam edir. Ola bilsin ki, Azərbaycan çempionatının 3-cü turunda keçiriləcək «Qarabağ»-«Xəzər Lənkəran» qarşılaşmasından sonra Toşak komandadan ayrılsın və Rednikin ikinci cənub səfəri başlasın.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?