Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində üçüncü oyun gününə start verilib.
"Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 1/4 finala vəsiqə uğrunda son 5 görüşə çıxacaq.
Məmmədyarov XI turda ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşiyə, XII turda "qaralar"la onun həmyerlisi Sergey Karyakinə rəqib olacaq. XIII turda Azərbaycan dueli gerçəkləşəcək. 36 yaşlı qrossmeyster ağ fiqurlarla Teymur Rəcəbovu sınağa çəkəcək. XIV turda qara fiqurlar Argentina şahmatçısı Alan Piçotla üz-üzə gələcək Məmmədyarov XV turda isə "ağlar"la ABŞ-ı təmsil edən Uesli So ilə münasibətlərinə aydınlıq gətirəcək.
Rəcəbov XI turda qara fiqurlarla ispaniyalı David Antonu sınağa çəkəcək. 34 yaşlı qrossmeyster XII turda "ağlar"la isveçli Nils Qrandeliusla qarşılaşacaq. XIII turda qara fiqurlarla Məmmədyarova qarşı mübarizə aparacaq Rəcəbov XIV turda "ağlar"la Nepomnyaşiyə rəqib olacaq. O, XV turda isə "qaralar"la Rusiyanın digər təmsilçisi Karyakinlə qüvvəsini sınayacaq./report.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?