İspaniyanın «Atletiko» və Fransanın «Lans» klublarına külli miqdarda maliyyə vəsaiti ayıran «Hafka» ləqəbli iş adamı, «Bakı» klubunun prezidenti Hafiz Məmmədovun idman sahəsindəki işləri qaydasında getmir.
Bu məlumatı virtualaz.org-a «Bakı»da yüksək vəzifə tutan, adının çəkilməsini istəməyən şəxs verib.
Mənbə bildirir ki, «Bakı»da idarəetmə sistemi tamamilə iflic olub. Azərbaycandan külli miqdarda vəsaiti İspaniya və Fransaya çıxaran Hafiz Məmmədov ölkədə sponsorluq etdiyi idman sahələrini maliyyələşdirməkdə ciddi çətinliklərlə üzləşib.
Verilən məlumatda bildirilir ki, «Bakı»nın futbolçuları artıq iki aydır məvacib almırlar. I dəstədə çıxış edən və «Bakı»nın farm-klubu olan «Lokomotiv»in futbolçuları isə bu mövsüm ümumiyyətlə maaş üzü görməyiblər.
Qaynağımız bildirir ki, idarəetmə sistemi iflic vəziyyətinə düşən «Bakı»da kimin nə işlə məşğul olduğu məlum deyil. Üstəlik mətbuatla əlaqə də tamamilə pozulub. Belə ki, Hafiz Məmmədov təxminən bir ildir ki, «Bakı»nın reklam banerlərinin yerləşdirildiyi qəzet və saytların da borcunu ödəmək iqtidarında deyil.
Verilən məlumatlarda o da iddia olunur ki, «Bakı»da böyük maliyyə yeyintisi də üzə çıxıb. Araşdırma zamanı məlum olub ki, maliyyə yeyintisində əsas günahkar Hafiz Məmmədovun qardaşı, «Bakı»da vitse-prezident kimi fəaliyyət göstərən Zeynal Məmmədovdur. Maliyyə yeyintisindən xəbər tutan Hafiz Məmmədovla qardaşı arasında bərk mübahisə düşdüyü də iddia olunur. Mənbə bildirir ki, həmin mübahisədən sonra Zeynal Məmmədov Azərbaycanı tərk edib və hazırda Riqa şəhərində yaşayır.
Virtualaz.org «Bakı» ilə bağlı özəl mənbədən digər ilginc məlumat da əldə edib. Həmin məlumata görə, «Bakı»nın borclu olduğu mətbuat orqanları bu kluba və Hafiz Məmmədova qarşı kampaniyaya başlamaq fikrindədirlər. Kampaniyanın ilkin olaraq sosial şəbəkələrdə aparılacağı bildirirlir.
Məsələ ilə bağlı «Bakı» rəhbərliyinin də mövqeyini öyrənmək istədik. Amma «Bakı»da suallara cavab verəcək rəsmi şəxs tapa bilmədik. Məsələyə münasibət bildirmək istəyən klub rəsmisi tapılarsa, onun da mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?