İranın dövlətə bağlı mediası ölkənin futbol üzrə milli komandasının keçmiş üzvü Vorya Qafurinin hökuməti tənqid etdiyinə görə həbs edildiyini bildirib.
Yarı-rəsmi "Fars" və "Tasnim" xəbər agentliklərinin cümə axşamı bildirdiyinə görə, Qafuri hazırda dünya çempionatında iştirak edən milli futbol komandasını təhqir etdiyinə və hökuməti tənqid etdiyinə görə həbs edilib.
Dünya çempionatında iştirak üçün seçilməyən Qafuri karyerası boyu İran hakimiyyətini və siyasətini açıq şəkildə tənqid edib. O, kişilər arasında futbol matçında qadın azarkeşlərin olmasına qoyulan qadağaya, habelə İranın Qərbin sanksiyalarına səbəb olan ziddiyyətli xarici siyasətinə etiraz edib.
O bu yaxınlarda İranın əxlaq polisinin nəzarətində ikən ölən qadının ailəsinə başsağlığını ifadə edib. Bundan əlavə son bir neçə gündə o, İranın qərbindəki Kürdüstan bölgəsində etirazçılara qarşı zorakı təqiblərə son qoyulmasına çağırıb.
Qafurinin həbsi ilə bağlı xəbərlər cümə günü Dünya kuboku çərçivəsində İran ilə Uels arasında keçiriləcək matçdan öncəyə təsadüf edib. İranın 6-2 hesabla İngiltərəyə məğlub olduğu açılış oyununda İranın milli komandasının üzvləri dövlət himnini oxumağı rədd edib, bəzi azarkeşlər isə etirazalara dəstəklərini ifadə edib.
İranda iki aydan artıqdır hökumət əleyhinə etirazlar davam edir ki, bu da son on ildə ölkənin İslam teokratiyası üçün ən böyük təhdidə çevrilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?