"Rəvan" ölkənin ən qeyri-ciddi klubuna çevrilməkdədir
Azərbaycan premyer-liqasında çıxış edən Bakının “Rəvan” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Virtualaz.org saytı “Rəvan”ın rəsmi saytına istinadən xəbər verir ki, Şahin Diniyev qeyri-qənaətbəxş nəticələr və özündə komandanı irəli aparmaq potensialı görmədiyinə görə istefaya gedib. Öz ərizəsi ilə rəhbərliyə müraciət edən Diniyevin istəyi ikinci cəhddən sonra qəbul edilib. Onunla birgə məşqçilər korpusunda yer alan köməkçiləri - Nazim Əliyev və Xaliq Mərdanov da komandadan rəsmən ayrılıb. Klubun saytında yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcəyi bildirilir.
Artıq “Rəvan”ın yeni baş məşqçisinin kimliyi də bəllidir. Bakı klubunu türkiyəli Güvenç Kurtarın çalışdıracağı dəqiqləşib. G.Kurtar Türkiyə mətbuatına aşıqlamasında “Rəvan”ın onu necə tapmasını da açıqlayıb: “TRT-3 kanalında yayımlanan “Birə-bir” proqramını izləyiblər. Verilişdə dediklərim onların xoşuna gəlib. Yəqin ki, sözlərim onlara təsir edib. Təəssüf ki, bu sözlərə Türkiyədə əhəmiyyət verən olmadı. Deməli, mənim proqramım İngiltərədə izlənsə, oradan da təklif gələrdi”.
G.Kurtar futbolçu karyerası ərzində “Beşiktaş”, “Mersin İdman Yurdu”, "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. 63 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib.
Virtualaz.org yada salır ki, Şahin Diniyevin cari mövsümün X turunda Vladislav Qədirovu əvəzlədiyini də yada salaq. Qədirov isə III turda Ramil Əliyevin yerinə keçmişdi.
Ümumiyyətlə, “Rəvan” qeyri-ciddi klub imici formalaşdırıb. Komandanın mövsüm ərzində dəfələrlə baş məşqçini dəyişməsi də bundan xəbər. Ölkənin idman mətbuatı da “Rəvan”ın bərbad idarəçiliyini ciddi təndiq atəşinə tutub.
Şahin Diniyev baş məşqçi postuna gətiriləndə “Rəvan”ın korlanmış imicinin düzələcəyinə inam yaranmışdı. Diniyev özü də məşqçiləri əlcək kimi dəyişən iddiasız kluba keçdiyindən ciddi şəkildə qınanılmışdı. Amma millimizin sabiq baş məşqçisi ilə 2,5 illik müqavilə bağlanılması “Rəvan”ın istedadlı çalışdırıcını qısa müddətə gətirmədiyinə inam yaratmışdı. Diniyev az müddət ərzində “Rəvan”da bacardığını etdi - əzmkar və asanlıqla rəqibə boyun əyməyən komanda formalaşdırdı. Qış fasiləsində komandanın yeni transferlər hesabına iddialı klublar sırasına qoşulacağı gözlənilirdi. Amma “Rəvan” öz “ənənəsi”nə sadiq qalaraq Diniyevə də özünü göstərmək üçün fürsət vermədi. Azərbaycanda özünə hörmət edən məşqçi artıq “Rəvan”ı çalışdırmağa “hə” deməz. Görünür, bu dəfə klubun “uzaqgörən” bossları Türkiyənin ünlü məşqçilərindən hesab olunmayan Kurtarla zülmdən qurtulmağı planlaşdırıblar. Yeni baş məşqçinin də “Rəvan”da çox işləyəcəyinə heç kim zəmanət verə bilməz. Artıq indidən Kurtarın “Rəvan”da işini nə vaxt qurtaracağını götür-qoy etmək olar.
Qeyd edək ki, “Rəvan” klubu “Nurgün Motors” şirkətinin sahibi Nuru Əliyevə məxsusdur. Nuru Əliyevin milyarder Hafiz Məmmədovla quda olduğunu da qeyd edək. “Hafka” ləqəbi ilə tanınan biznesmenin oğlu Kənan Məmmədov Nuru Əliyevin qızı ilə ailə həyatı qurub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?