“The Guardian” qəzeti yazır ki, Moskvanın Şərqi Ukraynaya göndərdiyi humanitar yardım karvanı sərhəd yaxınlığında dayansa da, Rusiyanın BTR-ləri və dəstək maşınları Ukrayna sərhədini keçib.
Qəzetin müxbiri Shaun Walker hazırda humanitar karvandadır və Ukrayna sərhədində müşahidə etdiyi hadisələr barədə xəbər verir.
Müxbir yazır ki, humanitar yardım karvanı Ukrayna sərhədinə çatmamış dayansa da, başqa bir maşın karvanı, Rusiyanın hərbi texnikası Ukrayna ərazisinə daxil olub.
“The Guardian” müxbiri Rusiya hərbi nömrələri olan 23 BTR-in və dəstək maşınlarının Ukrayna sərhədini keçdiyini müşahidə etdiyini bildirir. “The Daily Telegraph” qəzetinin müxbirləri isə yazırlar ki, bütün bu hərbi maşınların hamısının Ukraynaya daxil olduğunu demək çətindir, lakin ölkəyə əhəmiyyətli sayda hərbi maşın daxil olub…
Sərhəd məftillərinin söküldüyü yer
Müxbirlər xəbər verirlər ki, hərbi avtomaşınlardan ibarət karvan bir müddət humanitar yardım karvanı ilə yanaşı dayanıb, lakin qaranlıq düşdükdən sonra sərhəd məftillərinin söküldüyü yerdən Ukrayna ərazisinə keçib.
Shaun Walker yazır ki, bu hadisəni Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi adlandırmaq tezdir və maşınların Ukrayna ərazisində hansı məsafəyə qədər hərəkət edəcəyi hələlik bilinmir.
Müxbirin fikrincə, bu hadisə indilik bir məqama aydınlıq gətirir. Ukrayna bir xeyli vaxt idi ki, Rusiya hərbi texnikasının qiyamçıların nəzarətində olan ərazilərə daxil olduğu barədə həyəcan qaldırırdı. İndi bu məsələdə Kiyevin haqlı olduğu görünür.
Xatalı yardım
“The Guarduan” müxbiri yazır ki, bu sayda yük maşının Ukraynaya yardım aparması əvvəldən şübhələrə və ehtiyatlanmalara səbəb olmuşdu. Bəzi ekspertlər bildirirdilər ki, yaranan təxribat Rusiya və Ukrayna arasında birbaşa hərbi toqquşmalara səbəb ola bilər.
Bundan əvvəl xarici jurnalistlər xəbər vermişdilər ki, Moskva Kiyevlə razılaşmasına rəğmən karvanın istiqamətini sərhədin separatçılar olan hissəsinə dəyişib.
Razılaşmaya görə karvan Xarkov keçidinə yaxınlaşmalı və burada Ukrayna sərhədçiləri maşınların yüklərini yoxlamalı idilər.
“The Guardian” yazır ki, humanitar yardım karvanının sürücülərinin hamısı qəhvəyi paltarlar və beysbol kepkaları geyiniblər.
Könüllü sürüclər keçmiş hərbçilərdir?
Qəzet bildirir ki, bəzi məlumatlara görə bunlar könüllü sürücülər yox, Rusiya hərbçiləridirlər.
Lakin ekspertlərin fikrincə, hər halda bu sürücülər Krımın ilhaqı zamanı yaşıl paltarlarda olan əsgərlərə bənzəmirlər.
Onların seçmə qoşun növlərindən olduğu dərhal görünürdü. Ukraynaya humanitar yardım aparan maşınların sürücüləri isə daha çox ehtiyatda olan hərbçiləri xatırladırlar.
Onlardan bəziləri keçmiş hərbçi olduqlarını, lakin indi yardım işinə bir QHT tərəfindən könüllü cəlb edildiklərini deyiblər.
Bundan əvvəl Britaniya müxbirləri karvanın hərəkət etdiyi yol boyunca artilleriya qurğularını daşıyan maşınları və tankları müşahidə etmişdilər.
Qırmızı Xaç yaxın durmur
“The Daily Telegraph” qəzetinin humanitar karvanda olan müxbirləri bildiriblər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi hələlik bu karvan üçün məsuliyyəti öz üzərinə götürmür.
Komitənin nümayəndələri deyiblər ki, Moskva və Kiyev arasında yardımın sərhəddən harada və necə keçiriləcəyi barədə razılaşma əldə olunmayıb.
Humanitar yardım maşınlarından birinin sürücüsü deyib ki, “biz özümüz Xarkov keçid məntəqəsinə getmədik. Onsuz da ukraynanlılar bizi ölkəyə buraxmayacaqdılar. Odur ki, hardan keçmək mümkündürsə, ora gəldik”.
Rusiyanın humanitar karvanının Luqansk istiqamətində getdiyi və sərhədə qiyamçıların nəzarətində olan bölgədə yaxınlaşdığı barədə xəbərlər yayılmışdı.
Bundan əvvəl Kiyev bildirmişdi ki, Rusiyanın humanitar yardım karvanı hökumətin nəzarətində olan Xarkov sərhəd keçidində yoxlanmalı, bundan sonra karvanı Qırmızı Xaçın nümayəndələri təhvil almalıdırlar.
Sorğu
Yeni dizaynımız necədir?