“Azərbaycan və Türkiyə NATO-nu məhz bu sülhü və sabitliyi təmin etməyə çağırıb”. Bunu SİA-ya millət vəkili Asim Mollazadə Türkiyə prezidentinin NATO-nu Azərbaycanla bağlı öhdəliklərini yerinə yetirməyə çağırmasına və bu öhdəliklər yerinə yetirilsə, Azərbaycanın hansı dividentlər əldə edə bilməsi fikrinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, burada sistemi formalaşdırmaq və beynəlxalq layihələri həyata keçirmək üçün təhlükəsizlik zəmanəti lazımdır: “Azərbaycan bu layihələrlə Avropanın enerji təhlükəsizliyini təmin edir. Bildiyiniz kimi, burada hər bir layihəyə milyardlarla dollar məbləğində sərmayə qoyulur. Bu sərmayələrin bir qismini Azərbaycan qoyursa, daha böyük qismi isə NATO ölkələri tərəfindən yatırılır. Bu sistemi müdafiə etmək və onun normal fəaliyyəti üçün mütləq sabitlik, sülh lazımdır. Azərbaycan və Türkiyə də NATO-nu məhz bu sülhü və sabitliyi təmin etməyə çağırıb”.
NATO sammitinin Rusiyaya qarşı ittihamlara başlaması alyansın hərbi addımlar atması ilə nəticələnə bilərmi sualını cavablandıran Asim Mollazadə deyib ki, burada heç bir qarşıdurmadan söhbət gedə bilməz: “Burada başlıca məqam NATO-nun müəyyən qədər oyanıb təhlükəsizliyi təmin etmək istiqamətində siyasi fəaliyyətə başlamasıdır. Hesab edirəm ki, nüvə silahları olan ölkələrin hər hansı bir qarşıdurması dünyanın məhvi ilə nəticələnə bilər. Bu, bir növ prosesləri cilovlandıran amildir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?