İngiltərənin baş naziri Devid Kameron təşkil etdiyi mətbuat konfransında ölkəsinin Avropa Birliyi (AB) ilə bağlı planlarına nəhayət ki, aydınlıq gətirib. Baş nazir İngiltərənin AB-dəki gələcəyinin 2015-ci ildə referenduma təqdim ediləcəyini bildirib. Təbii ki, baş nazir Devid Kameronun bu addımı ata bilməsi üçün onun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının seçkilərdə qələbə qazanması əsas şərtdir. Mümkündür ki, baş nazirinin referendumla bağlı açıqlaması seçicilərə yönəlmiş bir bəyanat kimi də qiymətləndirilsin. Ancaq bu, bir faktdır ki, Avropanın bir çox ölkələrinin əhalisi kimi, İngiltərə vətəndaşları da hər keçən gün AB-dən daha çox uzaqlaşmağı arzulayırlar. Bu arzu iqtisadi vəziyyəti ağır olan İspaniya və Yunanıstan kimi ölkələrdə daha çox hiss olunur. “Avropa İttifaqı ilə münasibətlərdə heç bir ssenarini istisna etmək olmaz. Bizim taleyimiz öz əlimizdədir, biz müstəqil qərarlar qəbul edə bilirik. Bu ittifaqdan çıxmaq heç kim üçün fəlakət kimi görsənməməlidir”, - deyə D.Kameron hələ keçən il ölkəsinin bu qurumdan çıxmaq niyyətinin olduğunu bildirmişdi. O, Böyük Britanyanın gələcəyini riskə atmaq istəmədiyini də ifadə etmişdi.
Baş nazirə təzyiq edirlər?
AB-nin taleyi son illərin gündəm mövzularından birinə çevrilib. Yunanıstan, Şimali İrlandiya, Portuqaliya kimi kiçik ölkələrlə başlayan, İspaniya və İtaliyaya da yol tapan bu müzakirələr, artıq Almaniyaya qədər çatıb. Son günlər isə İngiltərənin AB-dən necə ayrılacağı ilə bağlı mövzu gündəmə gətirilib. İngiltərənin AB-dən ayrılması üçün hökümətə ən böyük təzyiq də məhz iqtidardakı Mühafizəkar Partiyanın millət vəkillərindən gəlir. Həmin millət vəkilləri 3 ay əvvəl baş nazir D.Kameronun etirazlarına baxmayaraq, parlamentə AB-dən ayrılmaq üçün referendum keçirilməsi təklifi vermişdilər. Ancaq iqtidar millət vəkillərinin bu təklifi müxalifət partiyalarının təmsilçilərinin səyləri nəticəsində təsdiqlənməmişdi. Müxalif millət vəkilləri tərəfindən isə baş nazirə rəhbərlik etdiyi partiyadan təzyiqlərin olduğu iddia edilir. İngiltərə 40 il əvvəl AB-yə üzv olsa da, qurumun hər cür inteqrasiya səylərinə qarşı çıxıb. İngiltərə Şengen razılaşmasını rədd edərək sərbəst dövriyyənin xaricində qalıb. İngiltərə AB-dən yalnız bir sərbəst ticarət bölgəsi olaraq istifadə etmək istədiyini biruzə verdi və liberal ABŞ ilə mühafizəkar Avropa arasında manevrlər edərək öz suverenliyini davam etdirdi. Keçmiş baş nazir, “dəmir ledi” kimi tanınan Marqaret Tetçer avronun funtsterlinqə qalib gəlmək təhlükəsinə qarşı radikal maliyyə islahatları həyata keçirdi. Və İngiltərənin maliyyə sistemi böyük sürətlə inkişaf etdi. Təbii ki, AB-nin digər aparıcı üzvləri bu ikibaşlı oyundan narahat idi. Çünki sərbəst ticarət bölgəsi ilə yaradılan birliyin əsl məqsədi sonda siyasi birliyi təmin edərək ABŞ ilə Asiya (Yaponiya-Çin) arasında bir güc mərkəzi halına gəlmək idi. İngiltərənin bu ikili davranışı isə hədəfi bir qədər uzaqlaşdırırdı. Avropalılar da "bəlkə bir gün bizə tamamilə qatılarlar”, - deyərək indiyə kimi ingilislərin davranışlarına dözürdülər. Son qlobal maliyyə böhranı da avronun üzərində qurulan təşkilatın nə qədər kövrək bir bünövrəyə dayaqlandığını açıq şəkildə göstərdi. Ancaq ingilislər də fürsəti qaçırmadılar. Londonun tanınmış iqtisadçıları dərhal avronun doğru bir proyekt olmadığını dilə gətirməyə başladılar. İngiltərənin “Policy Exchange” adlı düşüncə quruluşunun təşkil etdiyi və mükafat fondu 250 min funtsterlinq olan müsabiqənin mövzusu da avronun necə xilas olunacağı deyil, "avro sisteminin necə ən az zərərlə dağıla biləcəyi" ilə bağlı idi.
İngilislər AB-dən niyə çıxmaq istəyirlər?
Avronun iflas ərəfəsində olduğunu görən və avrolayihənin əsas müəllifi olan Almaniya nəhayət ki, avronu xilas etməyə qərar verdi. Avropa Mərkəzi Bankı (ECB) alman xalqının vergiləri ilə formalaşan yardım fondlarının, problemli ölkələrin banklarının xilas edilməsi planını dəstəklədi. Bütün bunların əvəzində isə bir daha eyni problemlərin yaşanmaması üçün yeni büdcə və bank birliyinin qurulması tələb olunurdu. AB ECB-yə üzv ölkələrin banklarına müəyyən qaydalar əsasında nəzarət etmək funksiyası verdi. Bununla da ECB lazım gələrsə, həmin bankları bağlayacaq qədər səlahiyyətlər qazandı. İngiltərədəki "qiyamət" də məhz bundan sonra qopdu. Bu günə qədər AB-nin sərbəst ticarət mühitindən faydalanmağı bacaran ingilislər, avronun ancaq bir büdcə və bank birliyi ilə ayaqda qala biləcəyini görüncə, artıq ciddi şəkildə AB-dən ayrılmağı düşündülər. İngiltərə nə digər 25 üzvün imzaladığı büdcə birliyinə imza qoydu, nə də banklarının yoxlanmasını qəbul etdi. Xüsusilə, İngiltərənin artıq hər şeyi halına gələn bank və maliyyə sisteminə ECB tərəfindən nəzarət edilməsi, yəni bankların üzərindəki nəzarətin AB-yə təhvil verilməsi ingilislər üçün avroya keçməkdən belə, daha qəbul edilməz bir vəziyyət sayılırdı. İngiltərə bu haqları təhvil verməzsə, AB də bir müddət sonra avro əsaslı əməliyyatlarının İngiltərədə aparılmasını məhdudlaşdıra bilər. Bunu artıq Fransa Mərkəz Bankının rəhbərliyi də dilə gətirib.
İngiltərənin itirəcəkləri və qazanacaqları...
İllərdir ki, ikili oynayan ingilislərin AB-dən ayrılmaqla itirəcəkləri elə də çox şey yoxdur. İngiltərə onsuz da avro sistemində deyildi. Amma İngiltərənin AB-dən çıxması bu qurumun özü üçün ciddi itki ola bilər. İngiltərə AB büdcəsinə Almaniyadan sonra ən çox faydası olan ölkədir. İngiltərə AB-dən çıxmaqla, bir il ərzində 10 milyard funtsterlinqə yaxın məbləğə qənaət etmiş olacaq. İngiltərənin ixracatının 44 faizi AB-nin payına düşsə də, bu, 1988-ci ildən bəri ən aşağı göstəricidir. İngiltərə bu məqamı da diqqətdən qaçırmır ki, avro bölgəsi əvvəlki kimi inkişaf etmir və bu, İngiltərənin maliyyə böhranından çıxışını çətinləşdirir. İngilislərin bu vəziyyətdə AB-dən ayrılmaq məsəsləsini ciddi şəkildə müzakirə etməsi, çox normal görünür və referendumla bağlı qərarın qəbul olması da yəqin ki, sürpriz olmayacaq. Halbuki İngiltərəsiz bir avro layihəsi də son hədəfə çata bilməz.
Kim nə düşünür?
D.Kameronun partiyasının 2015-ci ildə keçiriləcək parlament seçkilərində qalib gələcəyi halda, AB üzvlüyü ilə əlaqədar məsələni referenduma çıxarmağa sözü verməsi müxtəlif reaksiyalar doğurub.D.Kameronun koalisiya ortağı, baş nazirin köməkçisi və Liberal Demokrat Partiyasının lideri Nik Kleqq referendum təklifinin milli maraqlara uyğun olmadığını söyləyib. AB tərəfdarı fikirləri ilə tanınan N.Kleqq "Referendum üçün doğru yer və doğru zaman vardır. Ancaq hər vaxt milli maraqları qorumalıyıq. Avropadakı yerimizlə əlaqədar müzakirələrin, milli maraqlara uyğun olmadığını düşünürəm. Çünki bu, iqtisadi inkişafa və iş imkanlarına mənfi təsir edəcək", - deyə söyləyib. Müxalifətdəki İşçi Partiyasının təmsilçisi, siyasi xadim Duqlas Aleksandr da Avropada islahat görmək istədiklərini, ancaq D.Kameronun çıxışında məntiq tapmadığını, avropalı tərəfdaşları təhdid etməyin doğru olmadığını ifadə edib. D.Aleksandr həmçinin D.Kameronun çıxışının qeyri-müəyyənliyi artıracağını da qabardıb. AB əleyhdarı fikirləri ilə tanınan Birləşmiş Krallığın Müstəqillik Partiyasının lideri Nigel Farage isə referendumun 2015-ci ildə deyil, parlament seçkilərindən əvvəl keçirilməsinin lazım olduğunu dilə gətirib. Bütün bunlardan belə anlaşılır ki, Avropa Birliyinin gələcək taleyi kifayət qədər ciddi təhlükə qarşısındadır. Əgər, ingilislər öz niyyətlərinin reallığa cevrilərsə, onda Avropa Birliyi çox qısa müddətdə tarixə qovuşa bilər. Ən əsası isə xristian təəssübkeşliyi və iqtisadı inteqrasıya üzərində qurulmuş Avropa Birliyinin dağılacağı təqdirdə "qoca qitə"nin əhalisi arasında ümumi həyat səvuyyəsinin hansı səviyyədə olacağı da maraq doğuran məqamlardandır. Yəqin ki, bu məqamlara yaxın gələcəkdə aydınlıq gəlməyə başlayacaq. Hələlik məlum olan odur ki, Avropa Birliyinin "qələm"i artıq qırılıb. Və ingilislərin atacağı bəzi addımlar "qoca qitə"ni iqtisadı xaosa sürükləyə bilər. Ömər Əmirov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?