İraq ordusu və könüllü qüvvələr keçmiş diktator Səddam Hüseynin şəhərinə artıq daxil olublar; Silahlı toqquşmalar nəticəsində xeyli sayda ölənlər və yaralananlar var
Martın 3-də səhər saatlarından başlayaraq, İraq ordusu və könüllü silahlı qruplar Tikrit və Səlahəddin əyalətinin azad edilməsi əməliyyatına başlayıblar. Bəzi məlumatlara görə, 30 min nəfərlik hərbi qüvvənin iştirak etdiyi əməliyyat genişmiqyaslıdır və bütövlükdə əyalətin təmizlənməsini nəzərdə tutur. Səlahəddin əyalətinin təmizlənməsi İraq qüvvələrinin Mosulu azad etməsi üçün ilkin addım hesab olunur.
İranın ərəbcə xəbər yayan “əl-Aləm” kanalı isə 2 min nəfərlik hərbi qüvvənin Səlahəddin əyalətinə daxil olduğunu yazıb. əl-Məyadin telekanalının məlumatına görə, İraq ordusu və tayfa qüvvələrinin Samirra şəhərinin şimalında yerləşən Aşairul Bədiri və Akkar bölgələrində Tariş və Ərəb əl-Butuni kəndlərinin azad edilməsi əməliyyatlarında 54 İŞİD yaraqlısı öldürülüb, 125 nəfər isə əsir götürülüb. Öldürülənlər arasında bir neçə İŞİD lideri də var. Bunlar Həmid Səbi Tikriti və Əbu Abid əs-Suudidir. Bir neçə İŞİD liderinin artıq Tikriti tərk etdiyi də bildirilir.
Son məlumatlara görə, İraq ordusu, tayfa silahlıları və könüllü birliklər artıq Tikrit şəhərinə daxil olublar. Hazırda şəhərin Şelqat bölgəsində İŞİD və İraq qüvvələri arasında qanlı döyüşlər davam edir.
İraq polisinin rəhbəri, general Raid Şakir isə bəyan edib ki, İraq qüvvələri Tikrit əməliyyatının birinci mərhələsini başa çatdırıblar. Onun sözlərinə görə, silahlı qüvvələr Səlahəddin əyalətinin azad edilməsi əməliyyatının ilk mərhələsində Samirra şəhərinin şimalını, eləcə də Tikritin bəzi hissələrini azad edə bilib. Eyni zamanda o, bildirib ki, qarşıdakı saatlarda İraq DİN-nin bölgəyə göndərdiyi yeni qüvvələr və yeni silah-sursatla əməliyyatın ikinci mərhələsi başlayacaq.
Qeyd edək ki, Bağdaddan 150 km şimalda yerləşən Tikrit keçmiş diktator Səddam Hüseynin vətəni kimi tanınıb. ABŞ-ın İraqı işğal etməsindən sonra bu şəhər faktiki olaraq, nəzarətsiz bölgəyə çevrilib, bir sıra qanlı terror hücumlarına, döyüşlərə şahidlik edib. Ötən il isə İŞİD bu şəhəri ələ keçirib və S.Hüseynin keçmiş tərəfdarlarını öz ətrafına cəlb edib.
Ancaq bu əməliyyatın ən çox diqqət çəkən və müzakirələrə səbəb olan tərəfi Tikrit əməliyyatlarında ordu təlimatçılarının amerikalı zabitlər deyil, məhz İran ordusu təlimatçılarının olmasıdır.
Halbuki hazırda İraqda ABŞ ordusunun çoxlu sayda təlimatçıları var. Ancaq buna baxmayaraq, strateji əhəmiyyətli əməliyyatda İraq hökuməti iranlılarla əməkdaşlıq edib. Son fotolarda Tikrit əməliyyatında iştirak edən 5 minlik qüvvənin önündə iranlı general, “Sepah”ın “Qüds” briqadasının komandiri Qasim Süleymaninin şəkilləri də yer alır.
O da məlum olub ki, əməliyyata koalissiya qüvvələri havadan dəstək vermir. “Associeted Press” Agentliyinin məlumatına görə, Pentaqon sözçüsü Stiv Uorren bildirib ki, İraq ordusu istəmədiyi üçün Tikrit əməliyyatlarına hava dəstəyi verilmir.
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin rəsmisi əməliyyatda iranlıların iştirakı ilə bağlı heç nə demək istəməyib. Lakin o, əlavə edib ki, əməliyyat barədə onları məlumatlandırıblar.
Bəzi müşahidəçilərə görə, son zamanlar İraq hökuməti ABŞ-ı bir neçə dəfə İŞİD-ə yardım etməkdə günahlandırıb. İraq hökumət rəsmiləri bəyan ediblər ki, koalissiya aviasiyası havadan İŞİD-ə yardımlar atır.
Hələlik bu ittihamlarla bağlı rəsmi açıqlama olmasa da, görünür ki, bu iddialar ABŞ-a qarşı inamsızlığa səbəb olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?