Aslan Usoyanın adamları BƏƏ-yə yollanmaq üçün xüsusi çarter reysi sifariş veriblər
Yanvarın 16-da Moskvada sui-qəsd nəticəsində qətlə yetirilmiş "Ded Hasan" ləqəbli "oğrubaşı" Aslan Usoyanın dəstəsindən olan kriminal elementlər son illərin ən iri toplantısını keçirmək niyyətindədirlər. Crime Prime-da yer alan yazıda bildirilir ki, BƏƏ-də təşkil ediləcək "sxodka"da ("oğru toplantısı") iştirak edəcək "oğru"ların 100 nəfərinin xarici pasportları Moskvanın "Suxarevskaya", 64 nəfərinin pasportu isə "Baumanskaya" metro stansiyalarının yanında yerləşən turizm şirkətlərinə verilib. Bu, BƏƏ-yə viza almaq üçün edilib. Üstəlik, "Ded Hasan"ın adamları BƏƏ-yə yollanmaq üçün xüsusi çarter reysi sifariş veriblər. Həmin təyyarənin sərnişinləri yalnız "oğru"lardan ibarət olacaq. Rusiya DİN-dəki mənbə bildirir ki, "oğru"lar indiyədək heç vaxt belə aşkar hərəkət etməyiblər. Onlar "sxodka" yerinə bir qayda olaraq təkbaşına yollanır, hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməməyə çalışırlar. Şərcə şəhərindəki toplantının təşkilatçıları "Ded Hasan"ın dəstəsinin indiki liderləri - Dmitriy Çanturiya ("Miron"), Temuri Mirzoyev ("Timur Sverdlovski"), Vasiliy Xristoforov ("Vasya Voskres"), Qadi Kaloyan ("Onik") və Valeriy Farizovdur ("Valera Kurd"). Toplantı "Ded Hasan"ın dəstəsinin hələ də qüdrətli olmağının nümayişi ilə yanaşı, 10 nəfərə "oğru" adının verilməsi məqsədini də güdür. Yanvarın 16-da "Ded Hasan" güllənəndən sonra onun dəstəsində ağır günlər yaşanmağa başlayıb. Aslan Usoyanın əsas rəqiblərindən olan "Merab" ləqəbli Merab Canqveladze "Miron" və "Timur Sverdlovski"ni "sxodka"ya çağıraraq "Ded Hasan"ın mülkiyyətini və təsir məkanlarını bölüşdürməyi tələb edib. Moskva polisindəki mənbələr "Kriminalnaya Rossiya"ya bildiriblər ki, M.Canqveladzenin məqsədi "Ded Hasan"ın yerini tutmaqdır. Eyni zamanda "Ded Hasan"ın adamları arasında da didişmə başlanıb. "Gela" ləqəbli Gela Kardava "kriminal general" kimi tanınan "Badri" ləqəbli Badri Koquaşvili ilə mübarizənin ən sərt mərhələsinə başlayıb. "Oğru"lar Eduard və Sergey Asatryan qardaşları, habelə "Kvejoeviç" ləqəbli Quram Çixladze "Gela"nın "oğru" adından məhrum olunmasını tələb ediblər. Bu səbəbdən də "Gela" indi həbsdə olan çox nüfuzlu "oğrubaşı", "Taro" ləqəbli Tariel Onianidən dəstək almağa çalışıb. "Taro" isə "Gela"ya yardım etməyəcəyini deyib. Bu arada, "Ded Hasan"ın yerinə real namizəd olan "Tyurik" ləqəbli Vladimir Tyurin də aktivləşib: onun BƏƏ-dəki toplantıya alternativ yığıncaq keçirmək, "Ded Hasan"ın adamlarının hazırladıqları zərbəni zərərsizləşdirmək niyyətində olduğu deyilir. Şərcədəki toplantıda "oğru" titulu alacaq 10 nəfərə gəldikdə isə, onların arasında ən çox maraq doğuran adam 28 yaşlı "avtoritet", "Ded Hasan"ın qohumu Timur Arxangelskidir. Milliyətcə yezidi kürd olan Timurun əmisi və babası da "oğru" olublar. Timuru "Pan" ləqəbli Viktor Panyuşin, "Motıl" ləqəbli Valeri Mitin və "Tenqo" ləqəbli Tengiz Pirveli dəstəkləyəcəklər. Onun "oğru" adına namizədliyini isə "Valera Kurd" ləqəbli Valeri Farizov irəli sürəcək Malik
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?