Suriya məsələsi gündəmə gəldiyi andan Rusiya ilə Türkiyə arasında məsələlərə fərqli baxış özünü büruzə verir. Türkiyə israrla Bəşər Əsəd rejiminin getməsini istərkən Rusiya hər vəchlə Əsədi dəstəkləməkdədir.
Rusların Aralıq dənizinin sahilində, Tartus adlanan liman bölgəsinda hərbi bazaları mövcuddur. Bu baza 1971-ci ildə SSRİ zamanı yaradılıb. Hazırda orada rusların 1700 nəfərlik personalının olduğu bildirilir. Hataydan, təqribən, 80, Dəməşqdən 220 km uzaqlıqda olan bu mövqə strateji əhəmiyyətə malikdir.
Suriya rəsmiləri ruslara Latakiyada, türklərin Lazkiyə ( ərəbcəsi للَاذِقِيَّة ا ) adlandırdıqları liman şəhərində də Rusiyaya məxsus hərbi bazanın yaradılmasında təkid edirlər.
Əslində SSRİ ilə Suriya arasında hərbi saziş 1956-cı ilin baharından mövcuddur. 1957-ci ilin noyabrında Suriya ilə Misir birləşərək, Birləşmiş Ərəb Respublikasını yaratdılar, amma bu birləşmə uzun sürmədi.
1961-ci ilin sentyabr ayında Suriya Ərəb Respublikası yaradıldı və SSRİ 1961-ci ilin 7 oktyabrında həmin dövləti rəsmən tanıdı. Suriyanın indiki prezidentinin mərhum atası Hafiz Əsəd (1930—2000) SSRİ-də (Qırğızıstanın Kant şəhərində) aviatorluq üzrə hərbi staj keçmişdi, rus dilini yaxşı bilirdi. 1964-1970-ci illərdə Suriya Hərbi Hava Qüvvələrinin, həm də 1966-cı ildən Suriyanın müdafiə naziri idi. 1970-ci ilin 16 noyabrında hərbi çevriliş nəticəsində iqtidara gəlmiş, 22 fevral 1971-ci ildə prezident seçilmiş və 2000-ci ilin 10 iyununa –vəfatına qədər bu vəzifədə qalmışdır. 1967 ("6 günlük muharibə" ) və 1973-cü ildə ("18 günlük muharibə") Suriya İsraillə muharibə şəraitində olanda, SSRİ ona külli miqdarda hərbi dəstək vermişdir. Xüsusən, 1980-ci ilin oktyabr ayında Livanda və öz ərazisində İsrailə qarşı vuruşan Suriya ordusu itkilərə məruz qaldığı vaxtda Moskvada 09 oktyabr 1980 tarixində SSRİ-Suriya birgə əməkdaşlığı haqqında müqavilə imzalanmışdı.
Aldıqlarını ödəməyən Suriyanın indi Rusiyaya böyük miqdarda borcu var. 1992-ci ildə Suriyanın Rusiyaya olan borcunun miqdarı 13 milyard dolları ötüb. 2005-ci ildə Suriya Rusiyadan yeni hərbi silahlar almağı təəhhüd (öhdəlik) götürdüyündən, Rusiya bu borclardan 10 milyardını “silib”.
Rusiyanın Suriyanı MiQ-31 qırıcı təyyarələri və C-300 tipli raketdən müdafiə qurğuları (RMQ) ilə təmin etməsi region ölkələrini ciddi narahat edir.
Rusiyaya borclanan Suriya iqtidarının getməsi hazırkı dönəmdə ruslar üçün arzuolunmazdır. “Borclu borclunun sağlığını istər” prinsipi yada düşür. Bu borc Əsəd rejiminə aiddir. Rusiya öz borcunun ödənilməməsi qorxusundan Suriya rejimini ciddi-cəhdlə mühafizə etməyə çalışır.
2007-ci ilin 10 fevralında Vladimir Putin Almaniyanın Münhen şəhərindəki çıxışında SSRİ-nin süqutu ucbatından dünyanın monopolyar olmasından, yaranan hərbi-iqtisadi problemlərin yolverilməzliyini qeyd edib. Keçmiş SSRİ-nin 1989-1991-ci illərdə Quru qoşunlarının komandanı olmuş V.Varennikov isə Rusiya prezidentini dəstəkləyərək, “sovet dönəmində böyük vəsait, hərbi xərc çəkilmiş ölkələrə, xüsusən Suriyaya xüsusi diqqət yetirmək lazımdır” - tövsiyəsini verib.
SSRİ-nin siyasi varisi Rusiyanı başa düşmək olar. Şərqi Avropa, Yaxın və Orta Şərq məslələrində ümid edilənlər gerçəkləşmədi. Polşa, Rumınya, Macarıstan, Şərqi Almaniya, Albaniya, Yuqoslaviya, Misir, Yəmən, Əlcəzair, Əfqanıstan planları fiaskoya uğradı, "Varşava paktı" dağıldı, indi Rusiyanın uzaq xaricdə hərbi bazası ancaq Suriyadadır.
NATO isə durmadan genişlənir. Rusiya etibarsız partnyor imicindən qurtulmaq istəyir, bununla belə supergüc olduğunun fərqindədir. Belə olan təqdirdə, Türkiyənin “Su-24” bombardmançı təyyarəsini vurmasını Rusiya heç cür qüruruna sığışdıra bilmir.
Tarixdə, bəlkə də türklərlə ruslar qədər bir-biriylə muharibə etmiş başqa millət yoxdur. Qonşu olduqlarından, yoxsa özlərinə layiqli rəqib tapmadıqlarından, ya da digər səbəblərdən bu iki güclü millət sürəkli olaraq savaş meydanlarında qarşılaşıblar. Təkcə XVI- XX əsrlər arasında 14 dəfə türk-rus hərbi konflikti olub ( Maraqlananlar üçün: 1568, 1571, 1572, 1676, 1686, 1710, 1735, 1768, 1787, 1806, 1828, 1853, 1877, 1914-cü illər ).
Mütəmadi baş verən silahlı qarşıdurmalar rusların düşüncəsində türkəfobiya yaradıb. Məsələn: “Çağrılmamış qonaq tatardan da bətərdir" ("Незваный гость хуже татарина"), “Burada sanki Mamay - 1361-1380-ci illərdə Qızıl Orda bəylər bəyi – vuruşub” ("Тут словно Мамай воевал"), “Xan necədirsə, sarayı da elədir” ("Каков хан, такова и орда"), "Ev sahibi öz evində Krımdakı xan kimidir” ("Хозяин в дому, как хан в Крыму"). İstanbul şəhərinə isə ruslar həm də “Царьград” deyirlər. Ehtimal ki, bu ifadə onlarda bizanslıların Βασιλεύουσα Πόλις - Vasilevousa Pólis - hökmdar şəhəri - ifadəsinin tərcüməsindən yaranıb.
Türklər 1453-cü ildə bu şəhəri fəth etdikdən sonra provaslavların (ortodoks xristianların) dini mərkəzi Moskva şəhərinə köçürülüb. Bəlkə, bu səbəbdən, ya da digər səbəblərdən xristian dünyası hər zaman türklərə qarşı zaman-zaman xüsusi aqressivlik göstərir. Avropalıların türklərin dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini, psixologiyasını çox diqqətli şəkildə, hərtərəfli öyrənməkdə əsl məqsədləri, təbii ki, bu millətə olan özəl sevgilərini təzahür etdirmək deyil. XX əsrin birinci rübündə “İtilaf devletleri” adlandırılan koalisiya qoşunları - ingilislər, fransızlar, italyanlar, avstralyalılar İstanbula turist marağından, "Sultan Ahmed camisi"ni ziyarətə gəlməmişdilər, hər halda.
Tale Türkiyə ilə Rusiyanı qonşu yaradıb. Hər kiçik insidenti süni yolla çıxmaza gətirmək olmaz. Dumada, mətbuatda, televiziya və radio proqramlarında məntiqsiz, əsassız iddialar irəli sürənlərin, kahinlik edənlərin, ara qızışdırıb mənfəət qazanmaq istəyənlərin isterik hay-həşiri nə Türkiyəni, nə də Rusiyanı strateji hədəfindən yayındırmayacaq. Rusiya ilə Türkiyənin münasibətləri fərqli dövrlərdə enişli-yoxuşlu olub və hər zaman bu ziqzaqlı münasibət paradiqmasında hər iki tərəfdə sağlam məntiqli şəxsiyyətlərin rasional mövqeyi məsələni müsbət sonluqla tamamlayıb.
Türk-rus münasibətlərinin ən yaxşı dönəmi XX əsrin birinci yarısına təsadüf edir. Qazi Mustafa Kamal Paşanın komandanlığı ilə 1919-1923-cü illərdə başladılan və zəfərlə tamamlanan Milli mücadilə dönəmində Vladimir (Ulyanov) Leninin rəhbərlik etdiyi Sovet Rusiyası Türkiyəyə imkanı daxilində maddi və mənəvi yardım göstərib. 16 mart 1921-ci ildə Moskvada Rusiya ilə Türkiyə arasında Dostluq və əməkdaşlıq müqaviləsi bağlanıb, həmin ilin 13 oktyabrında indi də qüvvədə olan məşhur "Kars müqaviləsi" imzalanıb. Bu müqavilənin 5-ci maddəsində Naxçıvanın əbədiyyən Azərbaycana aid olduğu təsbit edilib.
Azərbaycan tərəfdən həmin müqaviləni o zamanın dövlət naziri Behbud Şaxtaxtinski, Türkiyə tərəfindən Kazım Karabəkir Paşa, Rusiya adından səfir Yakov Qanetski, Gürcüstanın Xarici İşlər Naziri Aleksandr Svanidze və erməni Askanats Mravyan imzalayıblar.
1923-cü ilin 4 fevralında anlaşılmazlıq səbəbindən kəsilən Lozanna (Lausanne) danışıqları həmin ilin 24 iyulunda başladığı ərəfədə V. Lenin Türkiyənin tərəfində olduğunu və muharibə başlanacağı təqdirdə SSRİ-nin Türkiyə ilə müttəfiq olacağını rəsmi olaraq bəyan edib.
1928-ci ildə Cenevrədə keçirilən tərksilah konfransına SSRİ-nin təklifi ilə Türkiyə də qatılıb. Xatırlatmalıyıq ki, Milli mücadilədən sonra bu konfrans Türkiyənin rəsmən iştirak etdiyi ilk uluslararası tədbir sayılır. Maraqlıdır ki, bu tədbirdə Türkiyə tərəfi SSRİ-nin təkliflərini fəal şəkildə dəstəkləyib.
1935-ci ildə Türkiyə ilə SSRİ Dostluq və əməkdaşlığa dair imzalanmış müqaviləni daha 10 il müddətinə uzatdı. 1939-cu ilin 25 sentyabrında Moskvaya rəsmi görüşə gələn Xarici İşlər Naziri Şükrü Saracoğlu məsləkdaşı Molotovla Almaniya-SSRİ müqaviləsini (23. 08. 1939) şərtləri ilə tanış olub və SSRİ-nin Besserabiyanı ilhaq edəcəyi təqdirdə Türkiyənin tərəfsiz qalması barədə təklifi müzakirə edib. Türkiyə həmin ilin 19 oktyabrında Fransa və İngiltərə ilə bağlanan müqavilədə SSRİ ilə muharibəyə qatılmayacağını bəyan edən maddə irəli sürüb. 1942-ci ilin 24 martında isə Türkiyə və SSRİ arasında bir-birinə hücum etməmək haqqında deklarasiya imzalanıb. 1942-ci il Moskvada gerçəkləşən SSRİ-İngiltərə danışıqlarında İosif Stalin Bolqarıstan və Suriyadakı bəzi ərazilərin, habelə 12 adanın Türkiyəyə verilməsi təklifini irəli sürüb.
Təəssüf ki, II Dünya müharibəsindən sonra, soyuq savaş adlanan illərdə Türkiyə-SSRİ arasında münasibətlərdə müəyyən geriləmələr baş verib. Sovet tərəfi 1925-ci ildə imzalanan və SSRİ- Türkiyə münasibətini on illərlə müsbət müstəvidə tutan müqavilənin müddətinin başa çatmasını, yeni şəraitin yarandığını bəhanə gətirərək, Türkiyənin səfiri Səlim Sarperə həmin müqavilənin prolonqasiya edilməsi üçün müəyyən tələblərinin olduğunu bildirib.
Nə idi bu şərtlər?
1. Kars, Sarıkamış, Ardahan və Artvin bölgələrinin SSRİ-yə verilməsi (guya, o torpaqlar ermənilərinmiş və vaxtında V. Lenin yanlışlığa yol verib).
2. Müharibə təhlükəsi yarandığı təqdirdə, SSRİ Türkiyə ilə bərabər Çanakkala və İstanbul boğazlarında (ruslar israrla Dardanel və Bosfor yazırlar ) hərbi baza yaratmaq hüququna malik olmalıdır.
3. 20 iyul 1936-cı ildə imzalanmış Montrö (Montreux) müqaviləsi yenidən nəzərdən keçirilməsi üçün iki ölkə arasında hökumətlərarası müqavilə imzalanmalıdır.
Təbii olaraq, Türkiyə bu istəkləri rədd etdi. SSRİ yenidən Türkiyəyə nota göndərdi. SSRİ-nin provokativ hərəkəti qarşısında Türkiyə gərəkən önləmlər almağa başladı. 1947-ci ildə Harvard Universitetində çıxış edən ABŞ-ın 33-cü Prezidenti H.Trumen (Harry S. Truman) tarixi bir açıqlama ilə SSRİ-yə rəsmən meydan oxudu: “Bizim üçün sərhəd Kars və Ardahandan başlayır”. Trumen müəyyən şərtlərlə (Türkiyədə SSRİ-yə bənzər 5 illik planlar, savadsızlığın ləğvi məqsədilə yaradılmış kənd müəllimləri institutu, milli şeflik və sairənin tətbiqinə son verilsin) Türkiyəyə 100 milyon dollarlıq yardım göstərir və Türkiyə 1952-ci ildə NATO-ya daxil olur.
Stalin öldükdən sonra 30 may 1953-cü ildə SSRİ Türkiyəyə nota verərək daha ərazi iddiasında olmadığını elan edir ( güya, ermənilər və gürcülər 1946-cı ildəki ərazi tələblərini geri götürmüşlər).
Türkiyə ilə SSRİ arasında münasibətlər siyasi boşboğazlığı və avantürist çıxışları ilə məşhur olan Nikita Xruşşovun iqtidardan düşürülməsindən sonra (14. X. 1964) nəzərəçarpacaq dərəcədə mülayimləşməyə başlayır.
1964-cü ilin 6 noyabrında Moskvada Kipr məsələsi ilə bağlı SSRİ-Türkiyə ortaq memorondumu imzalanır, həmin ilin sonlarında Türkiyə Xarici İşlər Naziri F.Erkin Moskvaya, 1965-ci ilin 17 mayında isə SSRİ Xarici İşlər Naziri A. Qromıko Ankaraya gəlir (o, 1931-ci ildə M. Litvinovdan - 34 illik fasilədən sonra - Türkiyəyə rəsmi ziyarətə gələn ilk nazir), 1966-cı ilin 20-27 dekabr tarixləri arasında SSRİ Nazirlər Sovetinin Sədri A.Kosıgin 32 nəfər müxtəlif mühüm vəzifəli şəxslə Türkiyədə rəsmi səfərdə olur. Cavab olaraq, 1967-ci ilin 19-29 sentyabr tarixlərində dönəmin Baş Naziri S. Dəmirəl SSRİ-yə gəlir. 12-21 noyabr 1969-cu il tarixində Türkiyə Prezidenti C.Sunay SSRİ-ni ziyarət edir. 11-17 aprel 1972-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri N. Podqornı, 26-29 dekabr 1975-ci ildə A. Kosıgin ikinci dəfə Türkiyəyə rəsmi təşrif gətirir. 21-25 iyun 1978-ci ildə Baş Nazir B. Ecevit SSRİ-yə gəlir.
SSRİ-nin süqutundan sonra Türkiyə-Rusiya münasibətlərində müəyyən irəliləmələr olur. 17 noyabr 2005-ci ildə Mavi axın təbii qaz boru xəttinin açılışında o vaxt Baş Nazir olan R. T. Ərdoğan və V. Putin Türkiyədə görüşürlər.
Ankara ilə Moskvanın 1997-ci il razılığına əsasən, Türkiyə tərəfi 25 il boyunca Rusiyadan hər il 16 milyard kub metr təbii qaz alacaq.
2009-cu ilin fevralında Moskvada, 2010-cu ildə sabiq prezidentlər A. Gül və D. Medvedev görüşür, tərəfləri maraqlandıran məsələləri müzakirə edirlər.
2012-ci ilin iyul ayının 18-də Putin və Ərdoğan Kremldə önəmli məsələlərlə bağlı qarşılıqlı görüş keçirirlər.
Bu olaylara tərəflərin reaksiyasız qalacağını düşünənlər yanılırlar. Təbii ki, narazılıqlar olacaq, qarşılıqlı bəzi önləmlər alınacaq. Lakin Türkiyə də nə etdiyini gözəl bilir. Dəqiq hesablamalar, analizlər, “etki-tepki”nin hərbi sonucları təfərrüatı ilə hesablanılıb. İnşallah, qorxulu bir şeyin olmayacağını ümid edirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?