Uşaqlıqdan saçlarım alın hissəsində haçalanır. Bu səbəbdənmi, yoxsa mənə lağ edən sinif yoldaşlarımın arqumentlərinin həqiqət olduğu ucbatındanmı, saçımı necə vurdururdumsa, sabahısı gün məktəbdə: “Ayə, gənə (yenə) başını erməni başına oxşadıbsan?” - deyirdilər. Qəsəbədə bircə dəllək var idi – Camal dayı. İt oynadanın biri idi, həmişə zarafat edərdi, bəzən də adamı ələ salardı. Deyirdilər ki, yaxşı dəlləkdir, türməyə düşməzdən əvvəl Əzimzadə adına rəssamlıq məktəbində oxuyurmuş. Amma Camal dayıya necə izah etsəm də, saçımı nə fason – o zaman dəbdə olan boks ya polu-boks - qırxsa da, yenə də başım “erməni başına” oxşayırdı. Deməzdim ki, qəsdən edirdi. Çünki həm tez-tez atamla evimizdə çaxır içərdilər, həm də məndən bir sinif aşağı oxuyan oğlu Vasiflə dost idik. Hərdən anamla Goranboya və ya Kirovabada gedəndə də saçımı düzəltdirirdim. Bu da kömək etmirdi. Beşinci, ya altıncı sinfədək, dəllək Validə rast gəlməyincə, belə də davam edirdi. Qonşu kənddə yaşayan dəllək Valid adi dəllək deyildi. O, rayonun bir çox kəndlərində yaxşı sünnət edən dəllək kimi məşhur idi. Validin motosikletinin təkər milləri kənd yollarına davam gətirmirdi. Atam onun təkərlərinə qaynaq elektrodlarından millər düzmüşdü və başqa təmir işlərini görmüşdü. Bilmirəm Valid atama nə qədər borclu qalmışdı, amma pul verməklə arası yox idi. Əlini o cibinə, bu cibinə salıb çıxardı, siqaretini yandırıb dedi: “Bağdan kişi, gəl mən də sənin dörd oğlunun sünnətini eləyim. Yediyimiz çörəyə and olsun, bir qəpik də almaram”. Atam cavab verməmiş Valid özü təklifinin yersiz olduğunu duyub yeni təklif irəli sürdü – dördümüzün də “başını qırxmaq”. Sabahısı gün məktəbdə heç kim saçımın kəsildiyinə fikir də vermədi. O vaxtdan əsgərliyə gedənədək və əsgərlikdən sonra ta Ermənistana köçənə kimi həmişə saçımı Borsunluda dəllək Validə vurdururdum. Xoşbəxt idim ki, daha başımı erməni başına oxşatmırdılar. Lakin bu xoşbəxtlik uzun çəkmədi. İndi də Yerevanda saçımı necə qırxdırırdımsa, iş yerimdə qızlar: “Et qluxıd eli turki qlxi es nmanatsrel”, - deyirdilər; yəni: “Başını yenə türk başına oxşatmısan”. 99-cu ildə beynəlxalq təşkilatlardan biri Qafqazın münaqişəli bölgələri jurnalistlərinin Bakıya səfərini təşkil etmişdi. Yeddi, ya səkkiz nəfərdən ibarət Ermənistan nümayəndə heyəti ilə məni də Bakıya apardılar. Sevindim, saçımı uzatdım ki, Bakıda bir yaxşı bərbərə qırxdıraram. Tədbirin son günü ərəfəsində Qız Qalasının arxasında təzəcə açılmış restoranlardan birində oturmuşduq. Daha əvvəl Londonda görüşdüyüm yerli jurnalistlərdən birinə əhvalatımı danışıb, xahiş elədim ki, məni yaxşı bir bərbərxanaya aparsın. Dedi: “Mənim bir yaxşı erməni ustam var idi, həmişə onun yanına gedərdim. O da çıxıb gedəndən sonra, 10 ildir mən özüm də bilmirəm saçımı kimə düzəltdirim”.
Aleksey Manvelyan
Qeyd: BBC Azərbaycancanın müxbiri Aleksey Manvelyan Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış və hazırda Yerevanda yaşayır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?