Rusiya günbəgün ağırlaşan iqtisadi vəziyyət üzündən öz kredit öhdəliklərini yerinə yetirə bilməyəcək.
Musavat.com-un məlumatına görə, bu barədə erməni iqtisadçı eksperti Aşot Yegizaryan bildirib. Onun sözlərinə görə, problem o dərəcədə dərinə işləyib ki, ölkə vəd elədiyi kreditləri verə bilməyəcək.
Bundan öncə Ermənistanın maliyyə nazirinin müavini Pavel Safaryan Rusiyada indiki tendensiyasının qalacağı təqdirdə kredit öhdəliklərinin yerinə yetirilməsi üçün risklərin yaranacağını istisna etməmişdi.
Erməni ekspertə görə, Moskvanın günün birində kredit vermək qabiliyyətində olmayacağı ehtimalı həmişə olub.
"Bundan əlavə, Rusiya rəsmən bəyan edib ki, mövcud sosial-iqtisadi situasiyanı nəzərə alaraq, öz üzərinə yeni kredit öhdəlikləri götürməyəcək, əvvəlki razılaşmalara isə əməl eləmək niyyətindədir. Ermənistanın kreditləri hansına aid ediləcək, bilinmir", - deyə o, qeyd edib.
Lakin o, Kremlin əvvəlki anlaşmalara da riayət edəcəyinə şübhə ilə yanaşır.
"Doğrudur, bu, ölkənin imic məsələsidir, ancaq situasiya elədir ki, Rusiya öhdəlikləri yerinə yetirə bilməyəcək. Odur ki, elə bir əsas yoxdur iddia edək ki, Rusiya Ermənistana maliyyə yardımı edəcək. Əgər bir il öncə kimsə buna inanırdısa, indi belələri qalmayıb" - əlavə edib ekspert.
Xatırladaq ki, Rusiyanın Ermənistana boyun olduğu son kreditlər arasında müasir silah-sursat almaq üçün nəzərdə tutulan 200 milyon dollarlıq kredit də var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?