“İran bilməlidir ki, prezident Obamanın ABŞ-ın Tehranın nüvə silahına yiyələnməsinə imkan verməmək üçün bütün variantlardan istifadə edəcəyi haqda dedikləri blef deyil”
ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib ki, Qərb Tehranla nüvə danışıqları aparsa da, İrana hərbi müdaxilə variantı masa üzərində qalır. “Media forum” saytının məlumatına görə, martın 4-də İsrailin ABŞ-dakı ən böyük lobbiçilik təşkilatı sayılan AİPAC üzvlərinin toplantısında çıxış edən Co Bayden deyib ki, ABŞ hökuməti İranın nüvə probleminin dinc yolla həll olunmasına üstünlük verir: “ABŞ hökuməti müharibə etmək fikrində deyil. Lakin İran da bilməlidir ki, bu ölkəyə qarşı bütün variantlar, o sıradan da hərbi variant masa üzərindədir. İran bilməlidir ki, prezident Obamanın ABŞ-ın Tehranın nüvə silahına yiyələnməsinə imkan verməmək üçün bütün variantlardan istifadə edəcəyi haqda dedikləri blef deyil”. İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında sonuncu nüvə danışıqları fevralın 26-sı və 27-də Qazaxıstanın Almatı şəhərində aparılıb. Əldə olunan razılığa görə, danışıqlar aprel ayında yenə Almatıda davam etdiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?