Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın onun Rusiyanın dövlət başçısı Vladimir Putinə göndərdiyi məktubda ölkələr arasında dostluq əlaqəsinin bərpa edilməsinə çağırdığını bildirib.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Kalının sözlərinə görə, "məktubda Ərdoğan RF-ni ölkələr arasında dostluq əlaqələrinin bərpasına, regionda böhranların həllində əməkdaşlığa və terrorizmlə birgə mübarizəyə səsləyib".
Kalın həmçinin bildirib ki, "Rusiya və Türkiyə münasibətlərin bərpası üçün gərəkli tədbirləri görmək üçün razılığa gəliblər".
Xatırladaq ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" təyyarəsinin Türkiyə ərazisində vurulmasından sonra pisləşib. Putin bu hadisəni "arxadan vurulan zərbə" adlandırmış və Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etmişdi. Türkiyənin yeni baş naziri Binəli Yıldırım isə bildirmişdi ki, Ankara dialoq yolu ilə Rusiya ilə münasibətlərin normallaşmasına çalışacaq.
Rusiya ilkin şərt kimi Ankaradan üzr istəməyi tələb etmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?