2016-cı ildə keçmiş sovet respublikalarının dövlət müstəqilliyi əldə etməsinin 25 ili tamam olur.
SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil idi: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.
Transparency.az bildirir ki, müstəqillik illərində bu respublikalardan ikisində – Qazaxıstan və Özbəkistanda hakimiyyət heç dəyişməyib.
Qazaxıstanı dövlət müstəqilliyinin bütün tarixi ərzində birinci prezident Nursultan Nazarbayev idarə edib. O, sonuncu dəfə dövlət başçısı postuna 2015-ci ildə seçilib.
Nazarbayev SSRİ vaxtından – 1989-cu ildən Qazaxıstanın rəhbəridir.
Özbəkistanın da başında hələlik birinci prezident dayanır – İslam Kərimov. 1989-cu ildən Özbəkistanın rəhbəri olan Kərimov ötən il yenidən dövlət başçısı postuna seçkini udub.
Tacikistan prezidenti İmaməli Rəhman 1992-ci ildən dövlət başçısı postunu tutur. O, sonuncu dəfə 2013-cü il noyabrın 6-da prezident seçilib.
Belarus lideri Aleksandr Lukaşenko 1994-cü ildən prezident kürsüsündədir. Ölkədə sonuncu prezident seçkisi 2015-ci ildə keçirilib.
Rusiya prezidenti Vladimir Putin ölkəyə 2000-2008-ci illərdə rəhbərlik edib. 2012-ci ildə keçirilən seçkidə Vladimir Putin öz postuna qayıdıb.
Keçmiş SSRİ məkanında ən stajlı dövlət başçılarından biri də Azərbaycanın prezidentidir. 2003-cü ildə prezident postuna gələn İlham Əliyev 2008-ci il və 2013-cü il seçkilərində də qələbə çalıb. 1993-2003-cü illərdə isə prezident kürsüsünü onun atası Heydər Əliyev tutub.
Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov ölkənin ikinci prezidentidir. O, 2007-ci və 2012-ci illərin prezident seçkilərində qalib gəlib.
Serj Sərkisyan Ermənistanın üçüncü prezidentidir, 2008 və 2013-cü illərdə dövlət başçısı postuna seçilib.
Keçmiş sovet məkanında ən yeni liderlərdən biri 2014-cü ildən Ukrayna prezidenti olan Pyotr Poroşenkodur.
Parlament idarə üsulu seçən ölkələrə gəlincə, Gürcüstanın indiki prezidenti Georgi Margvelaşvili ölkəyə 2013-cü ildən başçılıq edir.
Qırğızıstanda 2011-ci ildən dövlət başçısı postunu dördüncü prezident Almazbek Atambayev tutur.
Moldova parlamenti Nikolay Timoftini 2012-ci ildə prezident seçib.
Baltik ölkələri Litva, Latviya, Estoniyada da dövlət başçısı – prezidentin məhdud səlahiyyətləri var. Litvanın baş naziri Algirdas Butkyaviçyus 2012-ci ildən hökumətə rəhbərlik edir. Latviyanın baş naziri Maris Kuçinskis bu ilin fevral ayından, Estoniyanın baş naziri Taavi Rıyvas isə 2014-cü ildən hökumət rəhbəri postundadır.
Sorğu
Yeni dizaynımız necədir?