Türkiyə ordusunun həbs edilən generalı Məhməd Dişli 15 iyulda baş verən hərbi çevriliş zamanı şahidi olduğu hadisələr barədə ifadə verib.
General çevrilişdə əli olmadığını iddia edərək, Baş Qərargah rəisi Hulusi Akara kömək etdiyini bildirib:
"Çevrilişə cəhdin baş verdiyi gün saat 8-də Baş Qərargaha getdim. Qapıda xüsusi təyinatlı paltarında olan tanımadığım iki nəfər məni gözləyirdi. Bu şəxslər mənə rəhbərliyi təhvil aldıqlarını, Baş Qərargah rəisini razı salmaq üçün mənim köməyimə ehtiyac olduğunu dedilər. Razılaşmasam, məni həbs edəcəklərini, Baş Qərargahın keçmiş rəisi Rüştü Ərdəlhunun (1960-cı il çevrilişi zamanı Baş Qərargah rəisi olub) taleyini yaşayacağımı dedilər. Onlara etiraz etdim. Bundan sonra mənim də tələm-tələsik güllələnəcəyimi deyərək, hədə-qorxu gəlməyə başladılar. Daha sonra Baş Qərargah rəsinin otağına girməyə məcbur edildim. Hulusi Akar hər şeydən xəbərsiz gündəlik işləri ilə məşğul idi. Ona hərbi çevriliş baş verdiyini, rəhbərliyin ələ alındığını dedim.
Baş Qərargah rəisi "zarafat edirsən?” cavabını verərək güldü. Mən isə ciddi olduğumu, TRT-də canlı yayımla xalqa müraciət edəcəklərini dedim. Daha sonra naməlum şəxslər içəri daxil olaraq Baş Qərargah rəisini qandalladılar. Buna etiraz etdim, komandiri yerdən qaldırdım, "O, bizim komandirimizdir”, - dedim”.
Helikopterlə Akıncılar bazasına aparıldıqlarını deyən general çevrilişin əsas təşkilatçısı Akın Öztürkü müdafiə edərək, onun günahsız olduğunu bildirib:
"Hulusi Akarın istəyi ilə Akın Öztürk mülki paltarda bazaya gəldi. Öztürkün qətiyyən bu hadisələrlə əlaqəsi yoxdur. O, hadisələrə sərt etiraz edərək çöldə olanlara bağırdı”.
General səhər 7 radələrində bazanın bombardman edildiyini, Baş Qərargah rəisi ilə helikopter vasitəsi ilə bazadan ayrıldığını bildirib.
Qeyd edək ki, Məhməd Dişli AKP sədrinin müavini Şaban Dişlinin qardaşıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?