Ukrayna sərhəddində atışma, Hələbdə qanlı döyüşlər, Türkiyə ilə barışıq elan edilməsi – bütün bunların hamısı Rusiya Federasiyası ətrafında yeni ambisiyalı beynəlxalq qaydalar quran Vladimir Putinin qətiyyətli addımlarının nümayişidir. Bunlar, üç cəbhədə hücumdur. Birincisi – Krım sərhəddində Kiyev ilə gərgin münasibət saxlamaq, Moskvanın regionda əsas fiqur olaraq qaldığını Şərqi Avropa ölkələrinə bildirmək, rusdilli əhalinin hüquqlarını qorumaq niyyətində olduğunu göstərmək, digər yandan isə ”S-400” raket sistemindən istifadə etməklə, sərhəd boyunca NATO qoşunlarının yerləşdirilməsinin Rusiyanı qorxutmadığını bəyan etmək. İkincisi – Əsədə qarşı olan islamçı müqavimət qüvvələri tərəfindən ələ keçirilmiş Hələbdəki rayonlara gücləndirilmiş hücumlar təşkil olunur. Bu isə vətəndaş müharibəsində Bəəs partiyası rejiminin saxlanılması arzusunu əks etdirir. İndiki vəziyyətdə Dəməşq rejimi üçün sərfəli ola biləcək və Yaxın Şərqdəki ən böyük rəqiblər – İran və Səudiyyə Ərəbistanının barışacaqları da nəzərdən keçirilir. Üçüncüsü – Suriyadakı islamçı müqavimət qüvvələrinin dəstəkçisi Rəcəb Tayyib Ərdoğanla barışmaq. Çünki Ərdoğanla yaxınlaşma, NATO üzvü olmasına baxmayaraq, geniş Avrasiya şahmat meydanında Türkiyəni iqtisadi və siyasi tərəfdaş kimi görməyə imkan verir. Əgər bu cəbhələrə yaxşı diqqət yetirsək, onda biz görərik ki, Putin Amerikanın təsirini əhəmiyyətli dərəcədə azaltmaq istəyir. O, istəyir ki, Ukraynada Şərqi Avropanın təhlükəsziliyinə təminat verən Vaşinqtonun etibarını zəiflətsin. Putin Obamanın rəhbərlik etdiyi və 60 ölkədən ibarət olan koalisiya qüvvələri ilə müqayisədə cihadçılara qarşı hərbi imkanlarını daha yaxşı nümayiş etdirmək niyyətindədir. Türkiyə məsələsində isə Rusiyanın başlıca məqsədi, Ankara və NATO arasındakı əlaqələri pozmağa hədəflənib. Məlumdur ki, baş tutmayan 15 iyul hərbi çevrilişinin güman edilən müəllifi Fətullah Gülənin ABŞ-ın Pensilvaniya ştatında yaşaması, Ərdoğanı Vaşinqtondan narazı salıb. Episentri Aralıq dənizinin şərqində yerləşən bu oyunda Putin üçün, zəifləmiş iqtisadiyyatla yanaşı miqrant və terror məsələlərində ziddiyyətlər içərisinə qərq olmuş, həmçinin lider çatışmazlığı ilə qarşılaşan Qərbin obrazı çox mühümdür. Çünki “Brexit” referendumu Avropada etiraz əhvalının yüksək olduğunu ortaya qoyub. Moskvalı tanınmış analitik Fyodr Lukyanov Putinin beynəlxalq nizam qaydalarının əsasını yaratmağa can atmasını ümumi cizgilərlə dəyərləndirir. O deyir: ”Putin və Ərdoğan, hər ikisi soyuq müharibədən sonra özlərinin Böyük Avropa layihəsindən qovulduqlarını hiss edirlər”. Rusiyalı digər bir analitik Maksim Suxovun fikrinə görə, onların hər ikisini, Qazaxıstan, Azərbaycan və Ermənistan kimi ölkələrin də maraqlarını özündə cəmləyəcək “Avrasiyanın bərpası” istəyi birləşdirir. Putin Belarusdan Türkiyəyə, Misirdən İrana və Mərkəzi Asiyanın keçmiş sovet respublikaları kimi Qərb demokratiyasından fərqli quruluşa malik dövlətlərlə şəbəkə yaradır. O, enerji sektoruna, hərbiyə qoyulan investisiyaları artırır və Rusiyanın “yumşaq hakimiyyət”ini kifayət qədər effektli şəkildə yayır. Belə ki, ”Russia Today” telekanalının ərəb dünyasındakı populyarlığı buna bariz nümunədir. Bütün bunlarla yanaşı, Kreml anlayır ki, indiki strateji ekspansiya mərhələsində, Obamanın prezidentlik müddəti qurtardıqdan sonra ciddi risklərlə qarşılaşa bilər. ABŞ-da kimin növbəti prezident olmasından asılı olmayaraq, yeni prezident Rusiyanın beynəlxalq arenadakı siyasətini, indiki kimi sakitcə qəbul etməyəcək. Moskva, xüsusən Hilları Klintonun uğurundan ehtiyatlanır. Çünki o, Amerikan isteblişmentinin son illərdə itirilmiş mövqelərinin yenidən geri qaytarılmasına can atacaq. Putin soyuq müharibə zamanı Moskvanın buraxdığı ən qorxulu səhvin təkrarlanmasının qarşısını almaq istəyir. 1980-ci ildə Cimmi Karter Amerikası İran, Əfqanıstan və Nikaraqua böhranları ilə o dərəcədə zəifləmişdi ki, artıq Kreml öz qələbəsinə tam inanırdı, lakin Ronald Reyqanın meydana çıxması, tarixin gedişini dəyişərək, əks nəticə göstərdi. Elə məhz buna görə də, Putin hücumdan imtina etməyəcək və Rusiya öz təsirini mümkün olan hər yerdə, hətta Aralıq dənizinin mərkəzi sahilyanı ərazilərində də artırmağa çalışacaq. Məsələn ABŞ-ın dəstəyini alan Liviyanın Sirtə şəhərindəki general Xəlif Xaftarın, Tripolidəki Faiz Sarac hökümətinə qarşı həyata keçirdiyi hücum reydlərinə Rusiyanın qətiyyətlə müqavimət göstərməsinin şahidiyik. azpolitika.info
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?