Dünən sentyabrın 26-da Moskvadakı “Naş dvor” restoranında “Tolik Noqinski” ləqəbli azərbaycanlı “vor zakon” Taleh Dağlıyev həbs olunub. Virtualaz.org xəbər verir ki, Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı Taleh Dağlıyevin üzərindən xalq arasında “spays” kimi tanınan narkotik tapılıb.
Narkotik maddənin şəxsi istifadə miqdarından artıq olduğu bildirilir və bu maddə ilə Toliki 3 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Moskvanın 1905-ci il küçəsində yerləşən “Naş dvor” restoranı əsasən “vor zakon”ların məskəni kimi tanınır.
Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir, kriminal avtoritetlər sırasına nisbətən yeni daxil olsa da kifayət qədər tanınıb. O, 2014-cü ildə Türkiyədə keçirilən “sxodka”da “vor zakon” titulu alıb, Taleh Dağlıyevə bu titulun verilməsinə “Lotu Quli” və digər nüfuzlu avtoritetlər səs veriblər.
“Tolik Noqinski” hazırda həbsdə olan “bir nömrəli vor”, “Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanındandır. O, indiyə qədər real həbs müddəti çəkməyib, hərçənd ki, ötən il Moskvada və ondan əvvəl Ukraynada saxlanılmışdı. Moskva məhkəməsi onu şərti həbslə cəzalandırıb, cəza müddəti bu ilin yazında bitib. Həmin müddət ərzində Taleh Dağlıyev Azərbaycan, Belarus və Ukrayna paytaxtlarında olub, orada kriminal qruplaşmalar arasında koordinasiya yaradıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?