Sverdlovskda polis kriminal avtoritetlərin “sxodkası”nı pozub
Sverdlovsk polisi əksəriyyəti Azərbaycandan olan kriminal avtoritetlərin “sxodka”sının qarşısını alıb.
Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, “vor zakon”lar məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qohumu, hazırda onun kriminal imperiyasına başçılıq edən Timur Mirzoyevin çağırışı ilə şəhərdəki “Ramada” otelinə yığışıblar.
Lakin polis əvvəlcədən toplantıdan xəbər tutub və “sxodka”nın keçirildiyi otelə basqın edib.
Sverdlovsk Vilayəti Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də axşam saat 21 radələrində başlayan “sxodka”da Çelyabinsk və Sverdlovsk vilayətlərində fəaliyyət göstərən 8 kriminal avtoritet olub. Timur Mirzoyev isə toplantıya daha sonra qatılacaqmış. Toplantıda nüfuz dairələrinin bölüşdürülməsi məsələsinin müzakirəsi planlaşdırılırmış.
Əməliyyat-axtarış tədbirləri zamanı polis kriminal avtoritetlərin avtomobillərini yoxlayıb. Avtomobillərdən travmatik tapançalar, 10 bıçaq və ağ rəngli toz bükülüsü aşkar edilib. Polislərin yoxlama apardığı vaxtda kriminal avtoritetlərdən biri özünü pis hiss etdiyini deyib. Təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb.
“Sxodka”nın 6 iştirakçısı dindirilmək və hansısa cinayətlərdə iştiraklarının olub-olmadığını araşdırmaq üçün polis bölməsinə aparılıb. Araşdırmalar davam edir.
Qeyd edək ki, bu ilin sentyabrında Sverdlovsk polisi irimiqyaslı kriminal “sxodka”nın qarşısını alıb. Əksəriyyəti azərbaycanlılar olmaqla “Ded Xasan”ın qruplaşmasına daxil olan 50-yə yaxın kriminal avtoritet saxlanılıb. “Ded Xasan” 2012-ci ildə öldürüldükdən sonra onun “biznesinə” qohumu T.Mirzoyev başçılıq edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?