Ermənistan parlamenti cümə axşamı növbədənkənar iclasında ikinci, və son, oxunuşda Ermənistan Hökumətində struktur dəyişikliklər edilməsi layihəsini qəbul edib. 131 üzvü olan Ermənistan Milli Məclisinin iclasında iştirak edən 92 millət vəkilindən cəmi 10 nəfəri layihənin əleyhinə səs verib, 6 millət vəkili bitərəf qalıb. Dəyişikliklər Ermənistan Hökuməti tərkibində 4 nazirliyin yenidən təşkil edilməsini nəzərdə tutur. İqtisadiyyat Nazirliyi yeni hökumət tərkibində İqtisadi İnkişaf və İnvestisiya Nazirliyi, Energetika və Təbii Ehtiyatlar Nazirliyi - Energetik İnfrastruktur və Təbii Ehtiyatlar Nazirliyi, Nəqliyyat və Rabitə Nazirliyi - Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi adlanacaq, Şəhərsalma Nazirliyi isə dövlət komitəsinə çevrilir. Dəyişikliklərin müəllifi sentyabrın 8-də istefa vermiş baş nazir Hovik Abrahamyanın yerinə təyin olunmuş Karen Karapetyan hesab edir ki, nazirlər kabinetində struktur dəyişiklik "daha səmərəli idarəetməyə xidmət etməlidir". Nazirlər kabinetinin tərkibində də müəyyən dəyişikliklər edilib. Daşnaksutyun üzvü Artsvik Minasyan iqtisadiyyat naziri vəzifəsini tərk edib və energetik infrastruktur və təbii ehtiyatlar naziri təyin edilib, yeni təşkil olunmuş İqtisadi İnkişaf və İnvestisiya Nazirliyinə Suren Karayan başçılıq edəcək. Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan idman və gənclərlə iş naziri, İctimai Radio və Televiziya Şurasının üzvü Armen Amiryan mədəniyyət naziri, "Ingo Armenia" sığorta şirkətinin direktoru Levon Altunyan - səhiyyə naziri təyin olunublar. Beləliklə, yeni hökumət, demək olar ki, bütövlüklə tərtib olunub. Sabiq nazirlərdən Karen Karapetyanın başçılıq etdiyi nazirlər kabinetində hələlik yalnız müdafiə və xarici işlər nazirləri təsdiq olunmayıb. Bu vəzifələri Seyran Ohanyan və Edvard Nalbandyan icra edirlər.
Sorğu
Yeni dizaynımız necədir?