İran məhkəməsi moda aləmində çalışan 12 nəfəri cəzalandırıb. Tutulanlar fahişəliyin təbliğatında suçlanaraq, 5 aydan 6 ilə qədər həbs cəzası alıblar. Onların modayla məşğul olması həbs müddəti bitdikdən sonra da 2 illiyə qadağan olunub. Həbs edilənlərdən 8-i qadın, 4 nəfər isə kişi olduğu deyilir. Vəkillərinin yerli mətbuata verdiyi məlumata görə, Şiraz məhkəməsi bu adamları internetdə yaydıqları nalayiq fotoşəkillər vasitəsilə fahişəliyi, Qərbin çılpaq tərzini təbliğ etməkdə, müsəlmanları yoldan çıxarmaqda günahlandırıb.
BAŞIAÇIQ FOTOLARA GÖRƏ QADINLAR TUTULUB
Tutulanlardan birinə 6 illik həbs cəzası kəsilib, həbsdən sonra da jurnalistikada, eləcə də dövlət idarələrində çalışması 2 illiyə yasaqlanıb. İki nəfərə 5 illik, bir nəfərə 2 illik cəza verilib. Vəkil Mahmoud Taravat-ın dediyinə görə, müştəriləri məhkəmə qərarı ilə razılaşmır apellyasiya şikayəti verməyə hazırlaşırlar. Mətbuatda İran məhkəmə orqanlarının modellərə təzyiqləri ilin əvvəlindən artırdığını, moda ilə məşğul olanların İslama uyğun gəlməyən tərzin təbliğində günahlandırıldığını yazılır. May ayında Tehranın kiber-cinayətlərə dair məhkəməsi sosial mediada başıaçıq şəkillərini yaydıqlarına görə 8 qadının həbs edildiyini bildirib. İranda qadınların adam arasına baş örtüyü geymədən çıxması qanunla qadağandır.
FUTBOLÇU TUMANA GÖRƏ HƏBSƏ ATILIB
İyulda Tehranın ticarət mərkəzlərindən birində paltar mağazasının açılışı münasibətilə təşkil olunan moda şousuna icazə verilməyib. «The Tower» saytı iyunda «SpongeBob SquarePants» şəkilli tuman geydiyinə görə bir tehranlı futbolçunun həbs edildiyini, futbol oynamağın ona 6 aylığa yasaqlandığını xatırladır. Keçən ilin oktyabrında isə iki şair qadınlarla salamlaşarkən onların əlini sıxdığına görə tutulub, hərəsinə 99 şallaq cəzası verilib. Aktrisa Sadaf Taherian sosial mediada başıaçıq şəkillərini paylaşdığına görə ölkədən çıxmağa vadar edilib. Müşahidəçilər nüvə razılaşması imzalanandan sonra İrandakı mühafizəkarların daha da sərtləşdiyini, «xarici təhlükə»ni əngəlləməkdən ötrü əllərindən gələni etdiklərini deyirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?