Afrika ölkəsi Qambiyada ötən ilin dekabrında keçirilmiş prezident seçkilərindən sonra yaranan siyasi böhran qonşu ölkələrinin hərbi müdaxiləsinə gətirib çıxara bilər. Xəbər verildiyi kimi Qambiyada yaranan böhranın səbəbi uzun illərdir hakimiyyətdə olan diktator Yahya Cammehin seçkilərdə uduzduğu halda hakimiyyəti təhvil verməkdən imtina etməsidir. Və belə görünür ki, bu cənabı hakimiyyətdən qovmaq üçün silah işlətmək lazım gələcək.
Hazırda Seneqalın silahlı qüvvələri qonşu Qambiyanın sərhədi boyu cəmləşdirilib və xəbərdarlıq edib ki, əgər yerli vaxtla bu gün gecə yarısına (Bakı vaxtı ilə yanvarın 20-i, saat 04.00) qədər prezident seçkilərini uduzmuş Yahya Cammeh hakimiyyəti təhvil verməsə ölkədə müdaxilə edəcək.
Virtualaz.org xəbər verir ki, Afrika ölkəsi Qambiyada ötən ilin dekabrında ölkəni 22 ildir idarə edən Yahya Cammeh seçkiləri uduzub. Əvvəlcə o, seçkilərdə uduzduğunu etiraf edib və qalib namizədi-müxalifət təmsilçisi Adam Barrounu təbrik edib. Lakin daha sonra nə fikirləşibsə seçkilərin nəticələrini tanımadığını bildirib və elan edib ki, təzədən seçkilər keçirilməlidir. Yoxsa hakimiyyəti təhvil verməyəcək.
Qərbi Afrika ölkələrinin İqtisadi Birliyi (EKOBAS) dəfələrlə Yahya Cammehi seçkilərin nəticələrinə uyğun olaraq hakimiyyəti təhvil verməyə çağırıb. Və xəbərdarlıq edib ki, əgər Cammeh hakimiyyəti təhvil verməsə bu ölkəyə hərb müdaxilə olacaq. Təşkilat Qambiyaya hərbi müdaxilə üçün səlahiyyəti qonşu Seneqala verib. Yanvarın 18-də Seneqal EKOBAS-ın qərarının dəstəklənməsinə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.
“Biz artıq hazırıq və gecə yarısına qədər gözləyəcəyik, tələb yerinə yetirilməsə hücuma keçəcəyik. Əgər həmin vaxta qədər siyasi həll yolu tapılmasa biz hərəkətə keçməyə hazırıq”-Seneqal ordusunun sərhəd boyu cəmləşdirilmiş qüvvələrinin polkovniki Abdu Ndiaye bildirib.
Bu arada məlum olub ki, Nigeriya da öz aviasiyasını Seneqala göndərib və bildirib ki, Dakara Cammehi hakimiyyətdən qovmaq məsələsində hər cür dəstək verməyə hazırdır. Nigeriya da EKOBAS-a daxildir və dəfələrlə Yahya Cammehin konstitusiyanı pozması halında Qambiyaya qarşı sanksiyalar barədə xəbərdarlıq edib. Habelə Qana prezidenti Nano Akufo-Addo bəyan edib ki, onun ölkəsinin silahlı qüvvələri Qambiyada seçkilərin qalibi olan Adam Barrounun vəzifəsinin icrasına başlamasına dəstək verməyə hazırdır.
Yeni seçilmiş prezident Adam Barrou bu gün yanvarın 19-da səlahiyyətlərinin icrasına başlamalıdır. Onun andiçmə mərasimi xaricdə olub. Buna baxmayaraq yanvarın 18-də Qambiya parlamenti Yahya Cammehə hakimiyyətdə daha üç il qalmağa icazə verib. Cammeh ölkədə fövqəladə vəziyyət elan edib və bildirib ki, hakimiyyəti qorumaq üçün ordudan isifadə etməyə hazırdır.
“Mən qorxaq deyiləm. Məni qorxutmaq və haqqımı əlimdən almaq mümkün deyil. Bu, mənim mövqeyimdir. Allahdan başqa heç kim məni bu qələbədən məhrum edə bilməz”-Afrikanın müsəlman ölkəsinin hakimiyyətdən sallaşıb qopmaq istəməyən qeyri-legitim prezidenti bildirib.
Məlumatlara görə Yahya Cammeh hakimiyyətdən getmək fikrini ona görə dəyişib ki, yeni hakimiyyətin onu indiyədək törətdiyi əməllərə-korrupsiyaya, siyasi opponentlərin həbsinə və qətllərə, işgəncələrə görə məsuliyyətə cəlb etməyə hazırlaşır.
Əgər Yahya Cammeh qonşu ölkələrin hərbi müdaxiləsi ilə hakimiyyətdən uzaqlaşdırılsa bu, Afrika və eləcə də dünya üçün maraqlı presedent olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?